Politoloq 44 günlük döyüşlərin başlama səbəbini açıqladı – Niyə məhz Tərtər və Tovuz?

SİYASƏT
10:57 / 18.03.2021
3199

"İstər 2016, istərsə də 2020-ci ildə Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenilənmə coğrafiyası heç də təsadüfi seçilməmişdi və hər iki halda da hədəfə alınan Azərbaycanın neft və qaz ixracı infrastrukturu idi. Söhbət təbii ki, Tərtərdən və Tovuzdan gedir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu Ermənistanın təcavüzkar siyasətini şərh edərkən deyib. Politoloq Tərtər və Tovuzun hədəf seçilməsinin səbəblərinə toxunub: 

"Niyə məhz Tərtər və Tovuz?

Çox sadə səbəbdən. 2020-ci ilin 44-günlük müharibəsinədək olan mənzərəyə diqqət yetirsək görərik ki, istər Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, istərsə də Trans Anatolian Pipeline (TANAP) qaz kəməri məhz bu iki bölgədə erməni qoşunlarının nəzarətində olan mövqelərə ən yaxın məsafədə idi. Bu, aşağıdakı xəritələrdə əyani görünür.  

44-günlük müharibədən sonra Tərtərdə vəziyyət dəyişsə də, yəni, erməni işğalçıları kəmərlərdən xeyli uzaqlaşdırılsa da, Tovuzda həmin həssas durum qalmaqdadır və başqa cür ola da bilməz. Çünki söhbət təkcə 2 ölkənin silahlı qüvvələri arasındakı təmas xəttindən çox ilk növbədə Azərbaycan-Ermənistan dövlət sərhədindən gedir. 

2016-cı ili təsadüfən xatırltmadım, çünki həmin ilin aprelində döyüşlərin başlanmasının səbəbi də düşmənin Tərtər istiqamətində aktivliyini artırması və əlavə canlı qüvvə toplaması idi. Buna hələ qayıdacağıq, amma hələlik düşmənin 2020-ci ilin iyulundakı Tovuz təxribatına diqqət yetirək. 

Doğrudanmı, Ermənistan Tovuzu işğal etməyə çalışırdı və ümumiyyətlə, bu, nə dərəcədə real idi? Əlbəttə ki, yox. Ən azı aşağıdakı səbəblərdən: 
1. Qarabağdakı işğalçı hərbi hissələrin guya, "Artsax özünümüdafiə ordusu" olmasını iddia edən Ermənistanın bu halda heç bir izahı qəbul edilməzdi və o, təcavüzkar elan olunardı.

Xüsusilə də söhbət neft və qaz ixracından gedirsə.

2. Ümumiyyətlə, Ermənistana yuxarıda göstərilən enerji infrastrukturuna "toxunmaq" nə verə bilərdi? Əlbəttə ki, bunun yalnız ağır beynəlxalq siyasi və iqtisadi çıxarları ola bilərdi. 

3. Burdan növbəti sual çıxır ki, bacara bilməyi və ya bilməməyi bir yana, Ermənistan həmin əraziləri işğal etmək istəyirdimi? Əlbəttə ki, yox. Oyunu quran da heç Ermənistan deyildi, Rusiya idi. 

Bəs o zaman Tovuz təxribatının məqsədi nə idi?

Ermənistanın (əlilə) Tovuz təxribatı fikrimcə, azı 3 məqsəd güdürdü: 1. Qarabağ bölgəsindən diqqəti Tovuz-Qazax istiqamətinə çəkmək; 2. Azərbaycan Ordusuna ağır zərbə vuraraq (məsələn, yüksək rütbəli və ranqlı hərçiləri qətlə yetirməklə) ölkədə ordunun gücünə, hərbi uğuruna inamsızlıq yaratmaq; 3. Bunun ardınca Tərtər istiqamətində olacaq hücum üçün taktikanı müəyyənləşdirmək.

Bu mənada, sentyabrın 27-də müharibənin məhz düşmənin Tərtərin yaşayış məntəqələrini intensiv top atəşinə tutmasından başlaması heç də təsadüfi deyildi. Ümumiyyətlə, 44 günlük müharibə dövründə Tərtər ən çox zərbələrə məruz qalan yaşayış məntəqəsi olub. Tərtərə atılmış raket və mərmilərin sayı minlərlədir.

Buradan çıxan digər bir qənaət isə budur ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra 2017-ci ildə başladılan Tərtər qətliamı da, 2019-cu ildə ölkənin Hərbi-Hava Qüvvələrini (HHQ) sarsıtmağa yönəlmiş MİQ-29 təyyarəsinin "qəzaya uğraması" da düşmənin (Rusiyanın) bu planının tərkib hissəsi olub.

Öncə Azərbaycanın Tərtər istiqamətində yerləşən hərbi qüvvələrinin sıradan çıxarılması, ardınca da MİQ-29 təyyarəsinin "qəzaya uğraması" ilə bağlı HHQ-yə qarşı hərbi prokurorluq tərəfindən səhlənkarlıq maddəsilə cinayət işinin açılması ikinci və çox önəmli qoşun növünün (HHQ) iflic olunması Tərtər istiqamətində məğlubiyyətə və ölkə ərazisinin faktiki iki hissəyə bölünməsinə gətirməli idi.

Yəni, Tərtərin işğalı və bunun ardınca da tək BTC və TANAP deyil, həm də Bakı-Tiflis avtomobil və dəmir yollarının düşmən tərəfindən nəzarətə götürülməsi Azərbaycan üçün fəlakətli məğlubiyyət və ardınca da kapitulyasiya demək olardı. Yeri gəlmişkən, bu strateji əhəmiyyətli dəhliz Qərb mənbələrində Ganja Gap adlanır. 

Bundan sonrası isə texniki məsələ idi. 

Məsələn, "xilaskar" rolunda gələn Rusiya "sülhməramlıları" bütün bu infrastrukturu öz nəzarətinə götürəcəkdi ki, bu da Azərbaycan üçün suverenliyin tam itirilməsi demək olardı. Başqa sözlə, Bakıdan Gəncəyə və əksinə hərəkət edən bütün nəqliyyat vasitələri Tərtər ərazisindən keçəndə Rusiya hərbçiləri tərəfindən yoxlanılardı.

Amma düşmənin bütün planları məhv oldu. Ona görə ki, o, cəmi bir, amma həlledici məsələdə hesablamanı düzgün apara bilməmişdi: Azərbaycan xalqının və əsgərinin başına gətirilən bütün faciələrə rəğmən öz ölkəsini müdafiə etmək iradəsini. Bu da öz sözünü dedi.

Düşmənin bununla barışdığını və iddialarından geri çəkildiyini düşünmək isə təkcə sadəlövhlük deyil, həm də gələcəkdə ağır məğlubiyyətə aparan yol olardı. Ona görə də bu gündən gec olmayaraq dövlət və hakimiyyət orqanlarında ciddi kadr dəyişikliləri aparılmalı, ölkənin maraqlarına qarşı və xarici dövlətlərin sifarişilə çalışan bütün dövlət rəsmiləri və məmurları kənarlaşdırılmalıdır.

Ölkənin Dövlət Təhlükəsizlik Xidməti həmin geniş şəbəkəyə dair ciddi və hərtərəfli təhqiqatlara başlamalıdır. Orduda və digər dövlət qurumlarında sabotajlar həyata keçirən bütün vəzifəli şəxslər aşkarlanaraq kənarlaşdırılmalı və nəzarətə götürülməli, onların ölkədən çıxışına məhdudiyyətlər tətbiq olunmalıdır.
Ağır dövləti cinayətlər törətmiş şəxslər, o cümlədən də vəzifəsindən və xidmətlərindən asılı olmayaraq, Tərtər qətliamının bütün təşkilatçıları və iştirakçıları həbsə alınmalı, onların barəsində AR CM-nin 274-cü maddəsilə (Dövlətə xəyanət) cinayət işi açılmalı, təhqiqata başlanmalıdır. 

Yoxsa sabah gec olacaq...”

2