"Azərbaycanda inhisarçılıq yox, dempinq var" - Ekspert

İQTİSADİYYAT
17:40 / 18.03.2021
1558

“Azərbaycan bazar iqtisadiyyatına keçməlidir. İndi mövcud olan vəziyyət bazar iqtisadiyyatı sayıla bilməz. Bazar  iqtisadiyyatında investorlar yatırım etməlidir, dövlət vergisini  alıb kənarda durmalıdır.  Biz kölgə iqtisadiyyatından əziyyət çəkirik”. 

Bu fikirləri Valyuta.Az-a verdiyi açıqlamada Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov səsləndirib.

Ekspertin sözlərinə görə, iqtisadi inkişafa nail olmaq üçün qanunvericiliyə ciddi  dəyişiklik edilməlidir.

“Məsələn, Azərbaycan sahibkarı öz məhsulunu Avropa İttifaqı bazarlarına çıxara bilmir. Səbəb qanunverici bazamızın Avropa İttifaqının tələbləri ilə üst-üstə düşməməsidir. Pandemiya dövrü ilə əlaqədar dünyanın ən böyük satış bazarı olan Avropa İttifaqı bazarında əhalinin böyük qisminin orqanik məhsullara tələbatının artması müşahidə olunub. Azərbaycanın dünya bazarına orqanik məhsullar ixrac etməsi iqtisadi inkişafa təkan verə bilər. Qanunvericiliyimiz Avropa İttifaqının tələblərinə uyğunlaşdırılsa və yerli istehsalçılara dəstək verilsə, Avropa bazarına orqanik məhsullar ixrac edə bilərik. Bu az məhsul ixrac etməklə yüksək gəlir götürmək deməkdir”,-deyə ekspert qeyd edib.

İqtisadçı yaradılmış süni əngəllər barədə də danışıb. 

“Bizim təbiətimiz, insan resurslarımız orqanik məhsullar istehsal  və ixrac etməyə imkan verir. Lakin  qarşımızda müəyyən əngəllər var. Bizim məhsullarımız orqanik sertifikasiyadan keçməlidir. Onlar direktivlərlə işləyir, bizim laborator sınaqlarımızın mötəbərliyini qəbul etmirlər. Azərbaycanı iki il ərzində Sinqapur modelinə çevirmək mümkündür. Bu təklifləri 10 ildir səsləndiririk. Lakin hələlik praktiki addımlar atılmır. Halbuki hər cür potensiala malikik. Mane olan nədir?

Çox zaman, söz düşəndə hər kəs Azəbaycanda müəyyən problemlərin yaranmasını inhisarçılıqla əlaqələndirirlər. Əslində Azərbaycanda inhisarçılıq yox, dempinq var. Yəni bazarda daha əvvəl olan iştirakçı bazara daxil olan yeni iştirakçıları sıxışdırır, qiymətləri süni şəkildə idarə edirlər.  Bir müddət öncə  biz bazarlarda çox ucuz qiymətə banan satışı ilə  qarşılaşdıq. Köhnə iştirakçılar qiymətləri süni şəkildə azaltmaqla yeni iştirakçıların müflisləşməsinə səbəb oldular. Bu həmin dempinqin nəticəsiydi. Bizdə qiymət artımına da inhisarçılıq yox, süni əngəllər səbəb olur. Məsələn, Gömrük Komitəsinin Tarif Şöbəsi burda oturub İrandakı, Pakistandakı qiymətləri tənzimləyir. Məsələn, vətəndaşın bir dollara aldığı məhsulu 2 dollara  bəyannaməyə qeyd edirlər. Bu, bürokratik əngəldir. Sistem dəyişdirilməyincə  vəziyyət düzəlməyəcək. Sistem dəyişikliyi deyəndə hesabatlılığı, üfüqi və şaquli məsuliyyətlərin düzgün qurulmasını, proseslərin funksionallığını nəzərdə tuturam, faydalılıq əmsalının yoxlanılmasını, hər bir şeyin öz adıyla çağrılmasını, insan faktorundan asılı olmayan  modeli nəzərdə tuturam. Yəni rəhbərin kim olmasından asılı olmayaraq, sistem  düzgün işləməlidir. Lazımsız, bir-birini təkrar edən qurumlar ya ləğv edilməlidir, ya da birləşdirilməlidir. Hökumətin bürokratik aparatı sadələşdirilməlidir”,- deyə Asif İbrahimov qeyd edib.

0