“Aprel döyüşləri” Ermənistanın yaratdığı üç mifi sıradan çıxardı - TƏHLİL

SİYASƏT
09:08 / 02.04.2021
2450

5 il öncə bu gün - aprelin 1-dən 2-nə keçən gecə tarixə “Aprel müharibəsi” olaraq düşən döyüşlər baş verdi.

Bu, 22 il sonra Azərbaycan bayrağının işğal altındakı torpaqlara qayıtması və iki onillik sonra Ermənistan üzərində ilk strateji və siyasi qələbəmiz idi;

STRATEJİ QƏLƏBƏ: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Lələtəpə yüksəkliyinin strateji baxımdan iki əhəmiyyəti var idi: Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq; Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək/

Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi ilə Goranboy və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı.

Strateji nəticələr:

- Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinə həyat qayıtdı və bu, Qarabağa qayıdışın başlanğıcı oldu;

- Talış kəndi ətrafındakı yüksəkliyin azad edilməsindən sonra Ermənistanın bu istiqamətdə yerləşdirdiyi ermənilər ərazini tərk etdi (onların demək olar ki, yarısı Vətən müharibəsinə qədər hələ də qayıtmamışdı).

SİYASİ QƏLƏBƏ: münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun regiona illərdir “turist səfərləri” nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi rəfə qaldırmışdılar. Azərbaycan əsgəri problemi “tozlanmış rəf”dən götürdü və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini onu qəbul edənlərin önünə çıxartdı.

Azərbaycan əsgəri sübut etdi ki, işğal olunmuş torpaqlardan vaz keçməyib, münaqişə “dondurulmuş” deyil, hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər.

Siyasi nəticələr:

Və nəticə etibarilə, beynəlxalq diplomatiyanı hərəkətə keçirdi. Okeanın o tayından sülhə çağırışlar səsləndi. Döyüşlər o şərtlə dayandırıldı ki, münaqişənin həlli üçün danışıqlar prosesi ölü nöqtədən tərpənməlidir. Vyana görüşü, ardınca Sankt-Peterburq görüşü keçirildi. Son iki onillikdən sonra münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində bu qədər canlanma müşahidə olunmamışdı və bu, Azərbaycan əsgərinin xidməti idi.

Ermənistanın yaratdığı üç mif sıradan çıxdı:

- Azərbaycan Qarabağı azad etmək iqtidarında deyil;

- Azərbaycan Ordusu 90-cı illərin köhnə tanklarına malik nizamsız ordudur;

- Azərbaycan I Qarabağ savaşının məğlub tərəfidir və heç vaxt bu sindromdan xilas ola bilməyəcək;

Və ən əsası “Aprel müharibəsi” Vətən müharibəsinin məşqi idi. 5 il öncə bu gecə şəhid olan Azərbaycan əsgəri 4 il sonra o torpaqlara qayıdışın təməlini atdı...
 

Asif Nərimanlı

0