Dörd yaşlı Tahir təkərli oturacaqla təmin olundu - FOTOLAR

ÖLKƏ
15:26 / 05.04.2021
1255

“Balaca balamız Cəfərli Tahirin təkərli oturacaqla təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətimiz müsbət həllini tapıb”.

Bu sözləri Millət vəkili Emin Hacıyev özünün “Facebook” səhifəsində yazıb:

“Dövlətimizin fiziki məhdudiyyəti olan şəxslərə diqqət və qayğısının növbəti təsdiqidir ki, fenilketonuriya xəstəliyindən əziyyət çəkən 4 yaşlı balaca balamız Cəfərli Tahir Məhəd oğlunun təkərli oturacaqla təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız müraciət qısa müddət ərzində həllini tapıb. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən balaca dostumuz təkərli oturacaqla təmin olunub.

Əlilliyi olan şəxslərin sosial təminatının, tibbi-sosial reabilitasiyasının təkmilləşdirilməsi və bu istiqamətlərdə müvafiq işlərin ildən-ilə gücləndirilməsi bir daha dövlətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısının bariz nümunəsidir.

Eyni zamanda qeyd etmək istərdik ki, cəmiyyətin sosial qayğılarını daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun xətti ilə indiyədək 100 minlərlə vətəndaşımız respublikada, həmçinin ölkə hüdudlarından kənarda müayinə və cərrahiyyə əməliyyatı olunub, müalicə reabilitasiya kursları keçib.

Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin və mədəniyyətin, idmanın inkişafına, insanların konkret qayğı və problemlərinin həllinə və Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.

Bu yöndə görülən işlər Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.

4 yaşlı Cəfərli Tahir Məhəd oğlu ilə görüş zamanı valideynləri övladlarının qısa müddət ərzində təkərli oturacaqla təmin olunmasına görə ölkə başçısına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlıqlarını bildiriblər”.

0