Azərbaycanın yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmaları Göygöldə təlim-məşq toplanışını davam etdirir.
Federasiyadan HİT.az-a verilən məlumata gtörə, ötən həftənin ilk günlərindən Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının rəhbərliyi də yaxından izləyir.
Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub. Güləşçilər əcnəbi məşqçinin nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Qeyd edək ki, sərbəst güləş üzrə yığma baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi Arif Abdullayev, yunan-Roma güləşi üzrə milli baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyev, qadınlardan ibarət komanda isə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qarşıdan gələn iki mühüm yarışa hazırlaşır.
Xatırladaq ki, güləşçilər Azərbaycanı 19 - 25 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında və 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində təmsil edəcək.
Qitə birinciliyində iştirak edəcək heyət həftəsonu Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı Olimpiya Güləş Mərkəzində keçəcək. Digər güləşçilər isə Göygöldə hazırlığı davam etdirəcək.