Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür

MƏDƏNİYYƏT
21:24 / 24.05.2020
1470

Bu gün cismən aramızdan ayrılsa da, hələ də xatırlanan, mədəniyyət tariximizidə layiqli yerini tutan Xalq artisti Fuad Poladovun doğum günüdür.

Onsuz keçirdiyimiz ikinci yaşı... Unudulmaz aktyor 72 il bundan öncə Bakıda dünyaya göz açıb. Zaman keçir, Fuad Poladov orta məktəbi, daha sonra isə "Azərbaycanfilm" kinostudiyasında Əli Isgəndərovun aktyorluq studiyasını bitirir. Sənətkar Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alır. Gənc Fuad, xalqın sevimlisi Fuad Poladov olmaq yolunda ilk dəfə "İstintaq davam edir" filmində rol alır. Hələ tələbə ikən Akademik Milli dram teatrında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesində Savalan obrazını canlandırır. 1969-cu il noyabrın 29-da premyerası göstərilən tamaşadan sonra teatrın aktyorluq truppasına daxil olur. 20 il müddətində həmin truppada çalışır. Lirik-psixoloji üslublu aktyorluq məktəbinin ən qabaqcıl nümayəndələrindən olan sənətkarın, ifa etdiyi rollar tamaşaçılar tərəfindən sevilmiş, rəğbətlə qarşılanmışdır. Fuad Poladov onlarla pyesdə müxtəlif obrazlar canlandırmış, hər biri ayrılıqda dəyərli səhnə sürəti kimi yaradıcılıq kariyerasına yazılmışdır. Aktyor həm də ən yaxşı şeirlərin, ən mahir ifaçısı olmuşdur.

Ən çox da Vaqif Səmədoğlu şeirlərini səsləndirən sənətkarın ifaları başda şairin özü olmaqla şeirsevərlər tərəfindən olduqca bəyənilmişdir. Hətta şair illər öncə verdiyi müsahibələrin birində Fuad Poladov haqqında danışır:

"Mən heç vaxt şeir oxumuram. Çox nadir hallarda oxuyardım. Bir dəfə Fuad Poladov şeirlərimi elə oxudu ki, özüm-özümə dedim, “Vaqif, otur yerində, qələt eləmə!" Elə oxudu, elə bil şeiri özü yazıb. Utanmaz!"

Sonralar Fuad Poladovun səs tellərində problem yaranır və danışmaqda çətinlik çəkir. Bir müddət Milli Onkologiya Mərkəzində müalicə alır. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar, 4 may 2018-ci ildə vəfat edir. Allah rəhmət eləsin!

0
Sherg.az