Kasıblığı ölçən ən vacib indikator - Qazancın 25 faizdən çoxu ərzağa xərclənirsə...

İQTİSADİYYAT
12:39 / 15.04.2021
1307

“Rəsmi məlumatlara görə, bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 216 mln. 100 min manat xərcləyib. Dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhalinin ərzağa xərclədiyi vəsaitdir”.

HİT.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, əgər əhali qazancının 20-25 faizdən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır:

“Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50 faizini yeməyə, ərzağa xərcləyirdi, 2019-cu ildə isə bu, 10,5 faiz olub, yəni ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldıb. Avropa Birliyi ölkələri arasında ən yaxşı göstərici Lüksenburqdadır, əhali qazancının cəmi 8,4 faizini ərzağa xərcləyir, İrlandiyada bu 11,5 faiz, Almaniyada isə 11,7 faizə bərabərdir. Türkiyədə bu rəqəm 25 faizə yaxın, Rusiyada isə 35 faizə yaxındır.

Sözümün canı budur ki, ölkə əhalisi kasıbdır, ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə qazancın 70-75 faizi xərclənirsə, insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır. Təhsil və mədəniyyətə pul az xərcləyən toplum isə inkişaf edə, kasıblığın daşını ata bilmir, bax, belə "qısır döngədə" fırlanırıq”.

3