SSRİ rəhbərinin rusca danışmaqdan imtina edən qızı: Bakılı balası...

ÖLKƏ
17:23 / 21.04.2021
1444

Stalin və Bakıda anadan olan Nadejda Alliluyevanın qızı Svetlana 1926-cı il təvəllüdlü idi. Onun 6 yaşı olanda anası özünü tapança ilə vuraraq intihar etdi. 16 yaşında ikən özündən 23 yaş böyük yazıçı Aleksandr Kaplerlə sevgi macərası yaşadı. Bu əlaqə Stalinin xoşuna gəlmədi və yazıçının ehtirasını soyutmaq üçün 5 il müddətinə Sibirə "istirahətə” yolladılar. 

18 yaşı olanda qardaşı Vasilinin keçmiş sinif yoldaşı, sonralar tanınmış hüquqşünas olacaq Gennadi Morozovla ailə qurdu və bir il sonra anadan olan oğullarına babasının adı qoydular - İosif. Bu nikah davam edərkən Gennadinin atası öz qudası, yəni Stalin haqqında şər-böhtan danışmaq ittihamı ilə həbs olundu. Cütlük 1949-cu ildə ayrıldı. Svetlana 1949-1952-ci ildə tanınmış sovet partiya xadimi Jdanovun oğlu Yurinin arvadı oldu və bu nikahda Yekaterina adlı qız dünyaya gəldi. Üçüncü əri İvan Svanidze ilə qohumluq əlaqələri vardı. İvanın atası Stalinin birinci arvadı Yekaterinanın qardaşı, Stalin tərəfindən güllələnən Alyoşa Svanidze idi. Başqa sözlə desək, Svetlanın alman əsirliyində həlak olan atabir qardaşı Yakovun dayısının oğlu idi. Stalin sağ olsaydı, bu nikaha yəqin ki, heç vaxt icazə verməzdi. Zatən evlilik də qısa sürdü, iki il sonra ayrıldılar.

Dördüncü əri isə Hindistan vətəndaşı Braceş Sinqx idi. Amma onlar nikah bağlaya bilmədilər, çünki sovet hökuməti Stalinin qızının əcnəbi ilə nikahına icazə vermədi. Hətta baş nazir Kosıqinin qəbuluna getməsi də faydasız oldu. Sinqx 1966-cı ilin sonlarında vəfat etdi. Svetlana ərinin cənazəsini vətəninə müşayiət etmək üçün icazə ala bildi. Amma geri qayıtmadı və Dehlidəki ABŞ səfirliyinə müraciət edərək siyasi sığınacaq istədi. Stalinin qızının atasının qurduğu dövləti bəyənməyib "çürüyən kapitalizmə” sığınması dünya mətbuatının manşetinə çıxdı. 

Bu hadisə bir yandan sovet rəhbəri Brejnevin işinə yaradı. O, Xruşşov zamanından Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sədri vəzifəsini tutan Vladimir Semiçastnını öz adamı hesab etmir, işdən çıxarmaq üçün bəhanə axtarırdı. Svetlananın hərəkəti belə bir bəhanə oldu. Brejnev onun yerinə loyallığına şübhə etmədiyi Yuri Andropovu təyin etdi.

Svetlana isə 1970-ci ildə  Amerikada Uilyam Pitersə ərə gedərək özünü Lana Piters adlandırmağa başladı. Amma Olqa adlı qızın olduğu bu evlilik də iki il sürdü. 1982-ci ildə gözlənilmədən SSRİ-yə qayıtdı. Sovet hökuməti bu addımı məmnunluqla qarşıladı, vətəndaşlığını təcili bərpa etdilər. Amma burada özünə yer tapa bilmədi. Artıq 1984-cü ildə xaricə getmək üçün icazə istədi, lakin ala bilmədi. Yalnız Qorbaçov iki il sonra Svetlananın istəyini həyata keçirdi.

2008-ci ildə Rusiya jurnalistlərinə müsahibə verərkən rusca danışmaqdan imtina etdi. Atasının gürcü, anasının isə yarıalman, yarıqaraçı olduğunu söyləyərək rus kökü olmadığı halda rusca danışmaq istəmədiyini bildirdi. 

Svetlana Alliluyeva və ya Lana Piters 2011-ci ildə ABŞ-ın Viskonsin ştatındakı qocalar evində 85 yaşında vəfat etdi. Oğlu İosif anasından üç il əvvəl vəfat etmişdi. İki qızı, Yekaterina Jdanova və Olqa Piters həyatdadır.

Yadigar Sadıqlı

0