“Ermənilər türklərdən üzr istəməli olacaq...” - Sabiq ABŞ Prezidentinin müşaviri

DÜNYA
14:16 / 24.04.2021
1287

“Erməni genosidi” ittihamı ilə əlaqədar bir çox hərbi ekspertlər, tarixçilər, siyasətçilər deyirlər ki, əslində bu hadisələrdən zərər çəkənlər türklər olub. Onlardan biri də ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquqi məsələlər üzrə müşaviri vəzifəsində çalışmış Bryus Feyndir.

“AzPolitika.info” xəbər verir ki, “Caucasus Online” saytına müsahibəsində Bryus Feyn Ağ Evin 1915-ci ildə Osmanlı İmperiyasında yaşanan hadisələrlə bağlı araşdırma apardığını deyib: ”Prezident Reyqanın tapşırığına əsasən biz Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı arxivlərində araşdırma apardıq. Araşdırma nəticəsində aydınlaşdı ki, erməni genosidi ittihamı tamamilə əsassızdır və 1,5-2 milyon erməninin öldürülməsi iddiası erməni tarixçilərinin təxəyyülünün məhsuludur. Erməni sənədlərinə görə, deportasiya edilən ermənilərin sayı 700 min nəfərdir, deməli, Osmanlı İmperiyasının ərazisində 280 min erməni qalıbmış”.

1915-ci ildə ermənilərdən daha çox türklərin öldürüldüyünü deyən Feyn bildirib: ”Erməni quldur dəstələri Anadoluda 2,4 milyon insan qırıblar”.

Prezidentin müşaviri qeyd edib ki, Osmanlı İmperiyasındakı bütün etnik və dini azlıqlar türklərlə bərabər hüquqa malik olublar: ”Yunanlar, kürdlər, çərkəzlər, ərəblər və ermənilər Osmanlı İmperiyasında kifayət qədər yüksək vəzifələr tutublar. Birnci Dünya Müharibəsində ermənilər vətənlərinə xəyanət etdilər və Osmanlı İmperiyası düşmənlərinin tərəfinə keçdilər. 

Ermənilər Qafqaz cəbhəsində ruslarla birlikdə Osmanlı İmperiyasına qarşı vuruşublar. Onlar türk və gürcü kəndlərini talayaraq, sakinlərini öldürüblər. Bizim araşdırmalarımız zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə verdilər, ermənilər isə bundan imtina etdilər. Mən belə fikirləşirəm ki, əgər bu arxivlər açılarsa, bütün həqiqətlər üzə çıxar. O zaman ermənilər bütün dünyadan və xüsusilə də türklərdən üzr istəmək məcburiyyətində qalacaqlar”.

0