Sumqayıtda yaşıl soyqırım: Uzun illərin çinar ağacları biznesə qurban verilir - FOTOLAR

ÖLKƏ
17:53 / 26.04.2021
1130

Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində yaşıllıqlar məhv edilir. 

HİT.Az xəbər verir ki, sözügedən ərazidə - Nərimanov küçəsi boyunca əkilmiş çinar ağacları kəsilib.

3-cü məhəllə Sumqayıtın ən köhnə məhəllələrindən sayılır. Bu məhəllə 50-ci illərdə tikilib. Çinar ağacları da elə həmin illərdə əkilib. Beləliklə, kəsilən çinar ağacların təxminən 60-70 il yaşı var. 

Ağacların kəsilmə səbəbi isə bəzi işbazların biznes maraqları ilə bağlıdır. Məsələ burasındadır ki, həm də Sumqayıtın mərkəzi hissəsi sayılan həmin ərazidəki yaşayış binalarının birinci mərtəbəsində yerləşən mənzillərin təyinatı dəyişdirilərək obyektə çevrilib. Çinar ağacları isə bu obyektlərin qarşısını kəsdiyi üçün onların kəsilməsinə qərar verilib. 

Heç şübhəsiz bu addım Sumqayıt Şəhər İcra Hakimiyyətilə razılaşdırılıb. Hər halda yerli hakimiyyətin uzun illərin ağaclarının kəsilməsindən xəbərsiz, yaxud bu addımın qarşısını almaqda aciz olduğu inandırıcı görünmür. 

İş gününün sonu olduğu üçün məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mövqe öyrənmək mümkün olmadı. 

Mövzunu diqqətdə saxlayacağıq.

VÜQAR

0