İrana Qarabağda sərbəst hərəkət etməyə kim izn verib? (ŞƏRH)

SİYASƏT
19:14 / 08.05.2021
2694

"İran Qarabağda qanunsuz fəaliyyətini dayandırmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İrandan qanunsuz şəkildə Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilən yük maşınlarının gəlməsini əks etdirən videodan danışarkən deyib. Onun sözlərinə görə, əks halda Azərbaycan növbəti dəfə Qarabağda İran hərbçilərini görəcək:

"Bu, təzə hadisə deyil. İşğaldan əvvəl Qarabağa İranın yanacaqla dolu yük maşınları gəlmişdi. Bununla bağlı videolar vardı. İndi də İran Rusiyanın yedəyində özünü sülhməramlı kimi göstərməyə çalışır. Nə İran, nə Azərbaycan tərəfi bu məsələyə rəsmi münasibət göstərib. İranın Qarabağda sülhməramlı kimi iştirakı, hər hansı humanitar yardım göndərməsi ilə bağlı məsələ gündəlikdə yoxdur. Azərbaycan tərəfi bu məsələyə razılıq verməyib. Ehtimal edirəm ki, İran tərəfi bütün bu məsələlərdə Rusiyanın xeyir-duası ilə iştirak edir. Rusiyanın xeyir-duası ilə iştirak edirsə, onda Rusiya Qarabağda mandatına uyğun hərəkət eləmir. Çünki Rusiya bölgədəki bütün fəaliyyətini təkcə Ermənistanla deyil, eyni zamanda Azərbaycanla razılaşdırmalıdır. Deməli, İranın arxayın hərəkətindən belə çıxır ki, Rusiya qanunsuz olaraq İranı prosesə cəlb edib və Azərbaycanın bu məsələdən xəbəri yoxdur. Bu isə Rusiyanın mandatına uyğun olmayan fəaliyyətlə məşğul olduğunu deməyə əsas verir. Odur ki, Azərbaycan ictimaiyyəti, rəsmiləri tərəfindən məsələyə münasibət bildirilməlidir”.
Sədrəddin Soltan hesab edir ki, bu məsələyə Türkiyə də münasibət bildirməlidir:

"Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Bölgədə hadisələrdə fəal iştirak edən ölkələrdəndir. Eləcə də Rusiya ilə ortaq müşahidə məntəqələri var. Rusiyanın Bakıdakı səfirliyi və sülhməramlıların komandanlığı məsələyə münasibət açıqlamalıdır. Rusiyanın səfiri Azərbaycan XİN-ə çağırılmalıdır. RF-in XİN başçısı Sergey Lavrovun səfəri zamanı məsələyə aydınlıq gətirilməlidir. Bu qaçaqmalçılıqdır. Bunun arxasında silah da ola bilər. Ora silah da gətirə bilərlər. İran əvvəl oynadığı rolu davam etdirir”.

Qeyd edək ki, "Azad İran” teleqram kanalında İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb.

Bir müddət öncə də "Azad İran” kanalında İrandan Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.

0