İsraildə yeni hökuməti kim quracaq? - Şərh

SİYASƏT
09:30 / 11.05.2021
2841

“Fələstin məsələsində növbəti gərginləşmə bu konfliktin kökündə dayanan məlum səbəblə yanaşı, həm də İsrail daxili siyasətindəki gəlişmələrdən qaynaqlanır”.

HİT.Az-ın məlumatına görə, bunu siyasi icmalçı Şahin Cəfərli İsrailin daxilindəki vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırkı baş nazir Benyamin Netanyahu qanunla müəyyənləşdirilmiş 28 gün ərzində hökuməti qura bilmədi və prezident bu hüququ onun siyasi düşmənlərinə verdi.

“51 millət vəkilinin baş nazirliyə namizədi Yair Lapid sağ cinahın önəmli simalarından Naftali Bennet ilə də anlaşdı və koalisiyanın say tərkibini 58-ə yüksəltdi. İndi 3 səsə ehtiyac var. Knessetdə 4 yerə sahib ərəb RAAM Partiyasının lideri Mansur Abbas kənardan bu dəstəyi verməyə hazır olduğunu bildirib. Lapid və Bennet ötən günlərdə ayrı-ayrılıqda Abbasla görüşdülər. Bu gün üçlü görüşmədə (Lapid - Bennet - Abbas) razılıq əldə olunacağı gözlənilirdi. Son olaylardan sonra bu razılaşma ehtimalı aradan qalxmasa da, sual altına düşüb”.

Ekspertin sözlərinə görə, Lapidə dəstək verən "Kaxol-Lavan" blokunun lideri, general Benni Qantz indiki hökumətdə müdafiə naziridir və onun əmri ilə hazırda Fələstin bombalanır.

“Bundan başqa, Abbasın ərəb əhalinin maraqlarını təmin etməyə yönəlmiş bəzi şərtləri var ki, bu hadisələrdən sonra Lapid, xüsusən Bennet onları qəbul edəcəkmi, məlum deyil.

Netanyahu istəyir ki, Lapid uğursuzluğa düçar olsun və ölkə yenidən (son 2 ildə 5-ci dəfə) erkən seçkilərə getsin. O, bütün sağ düşərgəni öz ətrafında konsolidasiya edərək yeni seçkidə daha çox yer qazanmağı hədəfləyir, digər tərəfdən, yeni hökumət qurulana qədər Netanyahu baş nazir kreslosunda oturmağa davam edəcək.

Bunun əksi, yəni başqa bir hökumətin qurulması isə Netanyahu üçün sonun başlanğıcı olacaq və o, məhkəmə qapılarında sürünəcək”.
 

0