İsveçin "Volvo Cars” şirkəti ardıcıl onuncu aydır ki, satışlarını yüksələn xətt üzrə inkişaf etdirməkdə davam edir. Keçən ilin bu dövrü ilə nisbətdə bu ilin aprel ayında satış həcmi 97.5 % artmışdır. Qeyd olunan artım post-pandemiya dövründə ABŞ və Avropa bazarında özünü daha çox göstərib.
2021-ci ilin ilk 4 ayını ümumi götürdükdə, şirkət 248 422 avtomobilin satışını reallaşdırıb.
"Volvo”-nun Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, post-pandemiya dövründə Azərbaycan bazarında da artım qeydə alınmışdır.
Belə ki, keçən ilin bu dövrü ilə müqayisədə satışların həcmi 31.25% artmışdır. Bu ilin sonuna kimi isə, tam elektrikli avtomobillərin Azərbaycan bazarına daxil olması da planlaşdırılır və nəzərə alsaq ki, ölkəmizdə elektrikli mühərriklərə maraq kifayət qədərdir, bu proses təhlükəsizlik və qənaətcillik simvolu olan "Volvo”-nun Azərbaycan bazarında yerini bir qədər də möhkəmləndirəcək.
Daha bir maraqlı məqam isə, əvvəlki illərlə müqayisədə XC60 modelinin bu il XC90 modelinə nisbətən daha çox satılmasıdır. Bu modellərin satış ümumi payın 38.1%-ni təşkil edir.
Qeyd edək ki, İsveçin "Volvo Cars” şirkətinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi "Scandinavian Auto” QSC-dir.