Məhsul fermerin əlində batır - İxrac da monopoliyadadır?

İQTİSADİYYAT
10:00 / 28.05.2021
1417

Arxada qoymaqda olduğumuz həftə Göyçay və Cəlilabad fermerlərinin məhsulu sata bilməmələrindən dolayı narazılıqları ictimai müzakirəyə çıxarıldı. Bir neçə gün əvvəl Milli Məclisin Cəlilabaddan olan deputatı Elman Nəsirov parlamentdəki çıxışında rayonda kartof yetişdirən insanların öz məhsullarını ixrac edə bilmədiklərini dedi: “Cəlilabadda 5400 ha ərazidə kartof əkilib və yaxşı kartof var. Amma fermerlərimiz bu məhsulu bazara çıxara bilmir. Samur gömrük postunda yüzlərlə TIR dayanıb”. E.Nəsirov Dövlət Gömrük Komitəsinə müraciətlə bu məsələ ilə bağlı operativlik göstərməyə çağırıb. Bildirib ki, əks halda, məhsullar məhv olacaq.

Cəlilabaddakı fermerlər əziyyətlə becərdikləri faraş kartofu satmaqda çətinlik çəkdiklərini ölkə mətbuatına da açıqlayıblar. Onların sözlərinə görə, bu il kəskin quraqlıq səbəbi ilə kartof sahələrini normal suvara bilməyiblər, nəticədə məhsuldarlıq ötən illə müqayisədə 40 faizədək aşağıdır. Qiymətlərin 30-40 qəpiyə qədər aşağı düşməsi məhsulun satışından qazanc əldə etməyə imkan vermir. Belə ki, istixana şəraitində yetişdirilən kartofun ilkin qiyməti 1,20 qəpikdən başlasa da, sonra qiymətlər sürətlə aşağı düşüb (Report).

Son günlər Rusiya ilə sərhəddə yaranan sıxlıq məhsulun vaxtında ixracına da imkan vermir. Cəlilabad sakinləri bildiriblər ki, keçən il Rusiyaya gündə 5 maşın - 100 ton məhsul göndərirdilərsə, indi bu, gündə 2 maşına - 40 tona düşüb. Bunun səbəbi Rusiyaya keçid prosesində ləngimələrdir. Bundan əlavə, məhsulun daşınma xərci də artıb: 10-15 gün əvvəl 1 maşın 3200-3300 dollara aparırdısa malı, indi 4200-4300 dollara aparır.

Kartof istehsalçıları ilə yanaşı bir sıra rayonlardakı pomidor istehsalçıları da məhsulun ucuzlaşması və satış bazarının məhdudluğundan narazılıq edirlər. Göyçay rayon Ləkiçıplaq kəndinin sakinləri də məhsullarını sata bilmədiklərini deyirlər.

Onu da qeyd edək ki, son bir həftədə Azərbaycanda pomidorun qiymətində kəskin ucuzlaşma baş verib. Qiymətlər 1,8-2 manatdan 0,70-1 manata qədər düşüb. Düzdür, burada son iki həftədə havaların isti keçməsi nəticəsində istilikxanalarda pomidor sahələrinin üstünün açılması və daha çox məhsulun yetişməsi də xeyli rol oynayır. Bundan əlavə, pandemiyaya görə toy-yas məclislərinin keçirilməsinə qoyulan qadağa Azərbaycanda nəinki pomidorun, əksər kənd təsərrüfatı məhsullarının istehlakını azaldıb. Lakin aydın məsələdir ki, prosesdə ixracın azalmasının təsiri daha yüksəkdir.

Rəsmi statistikaya əsasən bu ilin yanvar-apelində meyvə tərəvəz ixracımızın həcmi 131 milyon 543.29 min dollar olub. Bunun 42 milyon 271.35 min dollarını pomidor, 35 milyon 335.02 min dollarını meşə fındığı, 8 milyon 729.67 min dollarını alma, 31 milyon 865.68 min dollarını xurma, 2 milyon 984.25 min dollarını nar təşkil edib. Bu, cəmi meyvə-tərəvəz ixracının  121 milyon 185,97 min dolları deməkdir. Qalan bütün meyvə-tərəvəz ixracımız isə cəmi 10 milyon 357,2 min manat təşkil edib. Keçən ilin eyni dövründə bu göstərici 14 milyon 775,61 min dollar olmuşdu.

Onu da qeyd edək ki, Rusiyanın Azərbaycandan alma və pomidor idxalına qoyduğu məhdudiyyət xeyli dərəcədə aradan qalxıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ilə apardığı danışıqlar, istilikxana təsərrüfatlarında aparılan yoxlama və nəzarət tədbirlərindən sonra indiyədək 131 şirkət və fiziki şəxsin Rusiyaya pomidor ixracına icazə verilib.

AQTA-dan əlavə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də Rusiya bazarına meyvə-tərəvəz ixracının prosesinin sürətləndirilməsi istiqamətində Azərbaycan sahibkarlarına köməklik göstərir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun mətbuata verdiyi məlumata görə, məsələ ilə bağlı AQTA-nın dəstəyi ilə bir neçə görüşlər təşkil olunub: “”Bildiyiniz kimi, Rusiyaya mütəmadi olaraq səfərlər təşkil olunur. Müsbət hal ondan ibarətdir ki, daha çox şirkətimiz qeydiyyata alınıb. İlin əvvəlində şirkətlərin sayı 50-yə yaxın idisə, hazırda 130-dan çox sahibkar qeydiyyata alınıb və öz məhsullarını Rusiyaya ixrac edir. Proses təkmilləşdirilir, sahibkarlar və müəssisələr karantin və qida təhlükəsizliyi şəraitinə uyğunlaşaraq artıq öz məhsullarını ixrac edə bilir. KOBİA sahibkarlar, AQTA və Rusiya həmkarları ilə mütəmadi olaraq əlaqələndirmə işləri aparır ki, bu proses daha tez, daha sürətli şəkildə getsin".

Lakin atılan addımlar pomidor ixracındakı azalmanın qarşısını ala bilməyib. Keçən ilin 4 ayında xaricə 73 milyon  341.05 min dollar dəyərində 58 min 985.91 ton pomidor satılmışdısa, bu ilin eyni dövründə idxal dəyər ifadəsində 42,4 faiz azalmaqla 42 milyon 271.35 min dollara, çəki ifadəsində isə 37,8 faiz azalmaqla  36 min 674.22 tona düşüb.

Maraqlıdır ki, hər hansı qadağa olmamasına rəğmən Azərbaycanın kartof ixracında da ötən illə müqayisədə azalma var. Belə ki, ötən ilin yanvar-aprel aylarında xaricə 7798,6 ton kartof satılmışdısa, Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu ilin eyni dövründə satış həcmi 5 min 134.53 tona qədər (34,2 faiz) azalıb.

Rəsmi statistikadan aydın olur ki, Azərbaycanda illik faraş kartof ixracı 80 min ton civarında olur. Bunun 85 faizə qədəri Rusiyaya reallaşdırılır. Kartof ixracatımızda ikinci böyük paya Ukrayna malikdir, lakin bu ölkəyə məhsul satışı 7-8 min tondan yuxarı deyil.

Maraqlıdır ki, koronavirus pandemiyasına görə kəskin məhdudiyyətlərlə keçən 2020-ci ilin dekabrına (Rusiya pomidor-alma idxalına məhdudiyyət tətbiq edənədək) qədər Azərbaycandan meyvə-tərəvəz ixracında azalma qeydə alınmamışdı. Amma indi 30 faiz civarında azalma ilə qarşı-qarşıyayıq. Belə ki, mayın əvvəllərindən etibarən Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranmağa başlayıb. Mayın ortalarında ərazidə 1 000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləməkdəydi.

Samur gömrük-keçid məntəqəsindən verilən açıqlamada yaranan növbələrin mövsümi xarakter daşıdığı qeyd edilib: “Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur”.

Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi artıra bilər. Keçid məntəqəsindən əlavə ediblər ki, ötən illərə nisbətən Rusiyaya keçmək istəyən yük maşınlarının sayında da artım var (APA).

 

Dünən Dövlət Gömrük Komitəsindən “Yeni Müsavat”a verilən məlumatda “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük  nəqliyyat vasitələrinin nisbi sıxlığının davam etdiyi bildirilir: “Buna səbəb tranzit və  mövsümlə əlaqədar  Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır. Hazırda ”Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin  keçidi təmin edilir.  Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik  bu rəqəmi artırmağa imkan vermir. Bir daha bildiririk ki, Azərbaycan tərəfdə yerləşən “Samur” gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir.  Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir".

Komitədən onu da bildirirlər ki, hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır: “Qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq”.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında çox böyük ölçüdə bir ölkədən - Rusiyadan asılılığın qaldığı müddətdə bu kimi problemlərin də davam edəcəyi açıq görünür.

Problemi ağırlaşdıran bir amil də budur ki, xaricə aparılması mümkün olmayan məhsulların daxili bazara, əsasən Bakı bazarlarına çıxarılması sahəsində də istehsalçıların ciddi çətinlikləri mövcuddur. Bu problemlər Bakı bazarlarına məhsul çıxarılması sahəsində faktiki inhisarlaşmanın olmasından qaynaqlanır. Belə ki, hətta istehsalçı öz məhsulunu Bakıya gətirsə belə, onu heç bir maneəsiz bazarlarda satmasının qarşısı alınır. Buna görə də istehsalçılar öz məhsullarını rayonlarda dəyər-dəyməzinə vasitəçilərə satmalı olurlar. Belə vasitəçiliyin və inhisarçılığın nəticəsidir ki, Cəlilabadda sahədən 30-40 qəpiyə alınan kartof  Bakı bazarlarında iki dəfədən də baha qiymətə  - 80-90 qəpiyə satılır.

Bu gün Azərbaycanın aqrar istehsalçılarının satış problemləri on il əvvəlki ilə eynidir: ixrac da, yeri bazara çıxış da inhisarçıların əlindədir. Uzun illər boyu bu vəziyyətin dəyişməsi məqsədilə çoxsaylı addımlar atılıb, müxtəlif sənədlər qəbul olunsa da, mövcud vəziyyət göstərir ki, problemlər demək olar ki, olduğu kimi qalmaqdadır.

3