İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi “Eyfel” MMC-ni məhkəməyə verib.
HİT.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Ehtimal olunur ki, “Eyfel” MMC-nin məhkəməyə verilməsi vergidən yayınma ilə bağlıdır.
“Eyfel” MMC 29 noyabr 2002-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə Alıyev Cahangir İsa oğludur.
“Eyfel” MMC tikinti şirkətidir. MMC-nin əsl sahibi Yavər Qurbanovdur. 2009-cu ildə onun barəsində cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilir ki, 20 fevral 2009-cu il tarixdə Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən binadan həmyerlisi Rasif Sultanova mənzil satıb.
Faktla əlaqədar 18 avqust 2009-cu il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət olunub, 1 sentyabr 2009-cu ildə tarixdə cinayət işi başlanıb.
Cinayət işinin nəticəsi barədə heç bir bilgi yoxdur.
“Eyfel” MMC 2018-ci ildə də gündəmə gəlib. Həmin vaxt şirkət sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudovanı məhkəməyə verib. MMC iddiasında şirkətlə Nərgiz Mahmudova arasında bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edib.
Beləliklə, məlum olur ki, Eldar Mahmudovun qızının bu şirkətdə payı olub. Bəzi məlumatlara görə isə, Yavər Qurbanov “Eyfel” MMC-ni Eldar Mahmudovun sağ əli hesab edilən “Akula Akif” ləqəbli Akif Mustafayevlə birgə təsis edib. “Akula Akif” “MTN işi”nə görə axtarışdadır. O, 2016-cı ildə İspaniyanın Loret-de-Mar şəhərində saxlanılsa da, sonradan sərbəst buraxılıb.
VÜQAR