Kəlbəcərdə həlak olan jurnalistlərin nəşi yaxınlarına təhvil verildi - FOTOLAR

ÖLKƏ
22:15 / 04.06.2021
1505

Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AzTV-nin operatoru Sirac Abışovun, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi yaxınlarına təhvil verilərək Bakı şəhərinə, Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi isə Göygöl rayonuna yola salınıb.

Onların nəşi bir qədər əvvəl Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib. Media əməkdaşlarının və Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavininin nəşi burada müayinə edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

0
APA