Azərbaycanlılar Rusiya baş prokuroruna müraciət etdilər

DÜNYA
19:15 / 07.06.2021
1229

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məsləhət Şurası və "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov ölkənin Baş prokuroru İqor Krasnova müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, müraciətdə 28 may 2021-ci il tarixində Novosibisk vilayətinin Moşkov rayonunda baş vermiş faciəli hadisə zamanı vətəndaş Vəki Abdullayevin Dövlət Yol Polisi (DYP) əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirildiyinə diqqər cəlb edilib. Hadisə zamanı polis əməkdaşının bu cinayəti istəmədən və ehtiyatsızlıq üzündən törətdiyi istisna edilməyib.

Qeyd edilib ki, sosial şəbəkələrdə və mediada yerləşdirilən videolentdən yol polisinin heç kim üçün təhlükə yaratmayan Vəkil Abdullayevə atəş etməsinin göründüyü, halbuki həmin vəziyyətdə odlu silahdan istifadə etməyə ehtiyacın olmadığı nəzərə çatdırılıb: "Aydın məsələdir ki, A.Qusev qeyri-peşəkar və məsuliyyətsiz davranıb. Onun ehtiyatsız hərəkətləri 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə nəticələnib".

Hazırda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrin aparıldığı, bəzi bədnam insanların məsuliyyətsiz açıqlamalarının, xüsusilə də "Russian Today" telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü Mariya Butinanın qətli törədən DYP əməkdaşının hərəkətlərini təqdir etməsi barədə fikrinin ölkədə vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcək mübahisələr doğurduğu bildirilib.

M.Butinanın təxribat xarakterli açıqlamasının cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane ola biləcəyini qeyd edən soydaşlarımız Baş prokuroru M.Butina ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və vətəndaş Vəkil Abdullayevin qətli ilə bağlı cinayət işinin istintaqını şəxsi nəzarətinə götürməyə çağırıblar.

0