Kəmaləddin Heydərovun daha bir şirkəti MƏHKƏMƏYƏ VERiLDİ - YENİLƏNİB

ÖLKƏ
09:59 / 26.06.2021
4313

"Yazıda adı çəkilən Aqil Zeynalovun general-mayor Ramiz Zeynalovla hər hansı bir qohumluq əlaqəsi yoxdur".

Bunu HİT.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib. Onun sözlərinə görə, bu günə qədər onların qohumluq münasibəti barədə yazılan informasiyalar yanlışdır.

***

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Gilan Holdinq”ə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir. 

HİT.Az xatırladır ki, bir müddət əvvəl türkiyəli iş adamı Olcay Ayın sahibi olduğu “Ertok” MMC “Gilan Holdinq”i məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsi bitməmiş holdinqə daxil olan “Gilan İnşaat” MMC məhkəməyə verilib. Bu iş üzrə iddiaçı “Veliev” MMC olub.  

“Gilan Holdinq” və “Gilan İnşaat”la bağlı məhkəmə çəkişməsi davam etdiyi bir vaxtda Kəmaləddin Heydərovun nəzarətində olan daha bir şirkət məhkəməyə verilib. HİT.Az-ın əldə etdiyi məlumata görə, bu, “Gilan Beton” MMC-dir. İş üzrə iddiaçı qismində “Yük Taksisi.az” MMC çıxış edir. Məhkəmə çəkişməsinin səbəbi daşıma müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Artıq iş üzrə ilk proses keçirilib. 

"Yük Taksisi.Az" MMC 15 avqust 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Mediada gedən və indiyə qədər təkzib olunmayan məlumatlara görə, Aqil Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşı oğludur. 

VÜQAR

 

1