“Təqdim edilən test tapşırıqları istiqamətlər üzrə olmalı və orta məktəblərin məzmununa uyğun gəlməlidir”.
Bunu HİT.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov ali məktəbə qəbul zamanı testə düşən suallarla bağlı bəzi narahatedici məqamların olmasından danışarkən deyib. O bildirib ki, istər bakalavr, istərsə də magistratura pilləsində qəbul prosesində istifadə edilən test tapşırıqları məzmun olaraq tədrisdə həyata keçirilməyən proqrama əsaslanır:
“Yəni mövzular orta məktəblərin məzmununa uyğun olsa da, test tapşırıqlarının modeli orta məktəbin tədris məzmunundan kənardır. Ona görə də qəbul imtahanlarında təqdim edilən test tapşırıqları orta məktəbə, magistratura pilləsi üçün isə ali məktəbdə keçirilən tədrisə uyğun olmalıdır. Magistratura pilləsində informatika və məntiq soruşulur, amma onun hər hansı formada tədrisi həyata keçirilmir. Ali məktəbə qəbulda test tapşırıqlarından biri dinləmə mətnləridir. Amma orta məktəbdə tədris zamanı bu avadanlıqdan istifadə edilmir”.
Ekspertin fikrincə, qəbul və buraxılış imtahanlarında hamının eyni səviyyədə yoxlanılması düzgün yanaşma tərzi deyil:
“Yalnız yüksək və orta hazırlıqlı şəxsləri yoxlayırıq. Amma bu imtahanlarda aşağı və zəif hazırlıqlı uşaqlar da iştirak edir. Ona görə də hamının eyni səviyyədə yoxlanılması düzgün yanaşma tərzi deyil. Məsələn, informatika müəllimini də, kompüter və riyaziyyat ixtisasına imtahan verəni də eyni suallarla yoxlayırıq. Üçüncü ixtisas qrupunda hüquqşünas olmaq istəyənə də, ibtidai sinif müəlliminə də eyni sualları veririk. Dördüncü ixtisas qrupunda isə tibb təhsil alana da, baytarlıq ixtisasına yiyələnmək istəyənə də eyni sualları təqdim edirik. Bunlar yanlışdır”.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətdə olan məsələlərdir: "Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir".
Rüfət Sultan