Bakıda 9 sot torpaq 6 milyona satışa çıxarıldı - VİDEO

18:55 / 08.07.2021
2346

2014-cü ildən etibarən hər il paytaxtda torpaq sahələrinin qiymətində 10-15 faiz artım baş verir.

Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. O bildirib ki, artımın səbəbi boş torpaq sahəsinin azalmağa doğru getməsi ilə əlaqədardır:

"Torpaq bazarında qiymətlərin baha olduğu rayonlar Səbail, Nərimanov və Nəsimidir. Digər rayonlarda isə qiymətlər bir qədər aşağıdır. Bu gün paytaxtda bir sotu 25 min manatdan başlayaraq 800 min manata qədər təklif olunan torpaq sahələrini müşahidə etmək olar. Bəzi rayonlarda, məsələn Səbaildə 1 sotu təxminən 650 min manata təklif olunan torpaqlar da var. Hətta Səbaildə bu ay 9 sot torpaq sahəsinin 6 milyon manata təklif edilməsi qeydə alınıb”.

Ekspert onu da qeyd edib ki, MTK üzərinə qoyulan öhdəliklər və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq dəyişikliklərdən sonra qiymətlərin artımı qeydə alınıb:

"Bir binanın tikintisi üçün minimum 40-50 sot torpaq sahəsi tələb olunur. Torpağın qiymətinin artması çoxmənzilli binalarda 1 kvadrat metrə düşən payı da artırmış olur. Artıq çoxmənzilli binalarda qiymətlər 1500 manatdan da yuxarıya doğru getməkdədir”.

 

0