"ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa səfərində iştirak etməməsi ikili standartların təzahürüdür”

SİYASƏT
14:46 / 11.07.2021
1389

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur. Məqsəd onları yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış etməkdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, artıq diplomatik korpusun Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Şuşa şəhərinə səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak ediblər: “Qısa dövrdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması Azərbaycanın gücünü və böyük potensialını aydın nümayiş etdirir. Şuşa da daxil olmaqla, heç bir ərazidə bərpa işlərinin aparılmaması göstərir ki, bütün bu ərazilər ermənilər üçün yad olub. Ona görə də işğal dövründə onlar yalnız talanla məşğul olublar”.

Parlamentin komitə sədri ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin bu səfərlərə qatılmamasına da diqqət çəkib: “Azərbaycan yaratdığı reallıqlar elə bir geosiyasi vəziyyət yaradıb ki, kimsə istəsə də, istəməsə də, Azərbaycanın dünyada gördüyü işlər bütün dünya tərəfindən qəbul olunur. Bu, siyasətlə məşğul olan insanlar üçün aydın bir məsələdir. Ona görə də işğaldan azad olunmuş ərazilərə səfər edən xarici diplomatların da sayı hər dəfə artır. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin bu səfərlərə qatılmamasına gəlincə, bunun müxəlif səbəbləri ola bilər. Həm Rusiya, həm ABŞ, həm Fransanın səfirləri mütləq belə səfərlərdə iştirak etməlidirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan bu ölkələrin nümayəndələri belə səfərlərin Azərbaycan xalqı üçün əhəmiyyətli olduğunu bilməlidirlər. Bu ölkələrin səfirləri mütləq işğaldan azad edilmiş ərazilərdə səfərlərdə iştirak etməlidirlər və iştirak edəcəklər də. Çünki hansısa bir bəyanat vermək, addım atmaqdansa, işğaldan azad olunmuş ərazilərə səfər edərək, işğal dövründə törədilmiş vandallıqları öz gözləri ilə görsələr, bu, daha məqsədəmüvafiq olar”.

S. Seyidov bu vaxta qədər işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya səfərdə ABŞ, Rusiya və Fransa səfirlərinin iştirak etməməsinin həm də ikili standartların bir təzahürü olduğuna diqqət çəkib: “Təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilatların, dövlətlərin Azərbaycana ikili standartlarla yanaşmaları həmişə özünü göstərib. Fransa özü bunun parlaq nümunəsidir. ABŞ-a gəlincə, Prezident Co Baydenin 28 may Respublika Günü münasibəti ilə ünvanladığı məktub özü münasibətlərdə bir irəliləyişdir. Amma Konqresin qəbul etdiyi qərarlarda Azərbaycana ikili standartlarla yanaşmanın təzahürünü görmək mümkündür. Yaxud Rusiya mətbuatında nələrin baş verdiyini görürük. Ona görə də ikili standartlar olacaq. Ancaq əsas odur ki, Azərbaycan elə bir geosiyasi reallıq yaradıb ki, onun qəbul edilməməsi artıq mümkün deyil. Çünki bu geosiyasi reallıq ABŞ, Rusiya və Fransanın maraqlarına uyğundur. Sadəcə, daxili vəziyyətlərinə görə hər hansı bir formada bu geosiyasi reallığı qəbul etməkdən açıq-aşkar çəkinir, ikili standartlarla yanaşırlar, ya ehtiyat edirlər. Amma bilirlər ki, bu, reallıqdır. Bu, həm Azərbaycan xalqının haqq-ədalətə arxalanan mövqeyini əks etdirən, həm də beynəlxalq hüquqa söykənən bir reallıqdır. Sən beynəlxalq hüquqa qarşı çıxa bilməzsən ki?! Prezident İlham Əliyevin müsahibələrinin birində deyib ki, sanki beynəlxalq hüquq kiçik ölkələr üçün yazılmayıb. Getdikcə beynəlxalq hüquq hər kəs tərəfindən qəbul olunacaq, sadəcə, buna zaman lazımdır”.

4