Bərdədə yaşayan şəhid anası Əhmədova Sütun Sərxan qızı fırıldağın və dələduzluğun qurbanı olub. Bu barədə o, Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə bildirib.
Şəhid anası bir surətini də HİT.Az-a ünvanladığı müraciətdə qeyd edib ki, 18 iyun 2010-cu il tarixdə “Ulduz-S” MMC-nin direktoru Elçin Babayevlə alqı-satqı müqaviləsi imzalayıb.
Müqavilə əsasında paytaxtın Yeni Yasamal massivində ümumi sahəsi 88 kvadratmetr olan ikiotaqlı mənzil alıb.
“Mənzilin qiyməti 33 200 manat idi. Mən ilkin ödəniş olaraq 4000 manat ödəmişəm. Bundan sonra 2010-2012-ci illər ərzində Elçin Babayevə 22 944 manat ödəniş etmişəm. 7000 manatdan bir qədər çox borcum qalmışdı ki, binanın tikintisi dayandı”, - Sütun Əhmədova bildirib.
Onun sözlərinə görə, binada tikintinin dayandırılması maliyyə çatışmazlığı ilə izah edilib. Bununla belə, şəhid anası ödənişlərini davam etdirib və Elçin Babayevə 3000 manat verib:
“Artıq təxminən 4000 manat borcum qalmışdı. Şirkətin vəkilləri “yox”a çıxdı. Elçin Babayev isə mütxəlif bəhanələrlə binanı təhvil verməkdən imtina edirdi. Sonradan mənə məlum oldu ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Elçin Babayev barəsində cinayət işi başlanıb”.
Şəhid anasının sözlərinə görə, Elçin Babayevin həbsindən sonra istintaq orqanı onu “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnati İsfəndiyar Axundova yönəldiblər.
Tikinti maqnatı onlara Yasamal ərazisindəki binalardan birində mənzil təklif edir, müqavilə bağlayır, şəhid ailəsinin hüquqi savadının olmamasından istifadə edərək onları 10 illik ipoteka kreditinə məhkum edir.
Nəticədə “Ulduz-S” MMC ilə bağlanmış müqavilə qüvvədən düşür. Şəhid anasının şirkətə ödədiyi 27 000 manata yaxın vəsait batır. İsfəndiyar Axundov isə satdığı yeni mənzilə görə onları 54 minlik kreditə salır.
Şəhid ailəsi bildirir ki, 5 ildir ödəniş edirlər, amma kredit hələ bitməyib: “Həmin vaxt düşdüyümüz çətin vəziyyətdən istifadə olunub. Bizə kvadratı 850 manatdan mənzil satılıb, 10 illik kredit verilib. Biz 5 ildir hər ay kredit veririk, artıq yorulmuşuq.
Əvvəl bağladığımız müqavilə ilə bağlı ödədiyimiz pul qaytarılmır, İsfəndiyar Axundov satdığı mənzilin qiymətində həmin vəsaiti hesablamır.
Dəfələrlə müxtəlif orqanlara, ölkə rəhbərliyinə məktub yazmışıq, bir şəhid ailəsi olaraq kömək istəmişik, nəticəsi olmayıb.
Ancaq ümidimizi itirmirik, bilirik ki, həm Prezident, həm Mehriban xanım şəhid ailələrinə qarşı diqqətcildir, qayğıkeşdir. Ümid edirik ki, şikayətimizə baxılacaq, batan pulumuzun qiymətləndirilməsi üçün yardım olunacaq”.
VÜQAR