“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü və məşqçisi Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.
Hit.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun mətbuat xidməti məlumat yayıb. Bu təyinat Azərbaycan Sambo Federasiyası tərəfindən gerçəkləşib.
Sambo üzrə dünya və Azərbaycan çempionu, dünya kubokunun qalibi, döyüş sambosu üzrə dünya və Avropa çempionu bu idman növündə milli komandanın uğurları üçün çalışacaq.
Abbasov Pro FC-GPG-nin qalibi, pankration, ciu-citsu və əlbəyəxa döyüş üzrə dünya, cüdo üzrə Azərbaycan çempionudur.
Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova vaxtından əvvəl polis kapitanı rütbəsi verilib. Səbəb onun Vətən müharibəsinin ilk günlərindən sonadək döyüşlərdə iştirakıdır. Abbasov polis zabiti olsa da, sentyabrın 29-dan könüllü şəkildə Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.