“Evimi əlimdən almaq istəyir” - Keçmiş ərindən Zeynəb Məmmədyarovaya ittiham

MAQAZİN
14:07 / 25.05.2020
2054

"Alimenti övladlarım üçün ödəyirəm, amma o özü üçün də pul istəyir. Mənim belə bir niyyətim yoxdur”.

Hit.Az xəbər verir ki, bu sözləri şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarovanın aliment ödəmədiyini iddia edərək məhkəməyə verdiyi keçmiş həyat yoldaşı Ülfət Tanrıverdiyev, məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib. O bildirib ki, Z. Məmmədyarovanın iddialarının əksinə, hər zaman aliment ödəyib:

"Qeyri-rəsmi olaraq biz onunla 2015-ci ilin iyunundan boşanmışıq. Lakin bu haqda məhkəmə 2016-cı ildə baş tutub və rəsmi məhkəmə qətnaməsi 2017-ci ilin yanvarında bizim əlimizə çatıb. Amma 2015-ci ildən mən ona qeyri-rəsmi şəkildə aliment ödəməyə başlamışam. Rəsmi şəkildə boşandıqdan sonra da bu proses davam edib. 2017-ci ilin fevralında ABŞ-a köçdüm. Bir müddət iş axtardığım və sənədləşdirmə işlərini tamamlamağa çalışdığım üçün aliment ödəyə bilmədim, yenə də mütləq bəzi kiçik ödənişlər edirdim. Daha sonra hər şey qaydasına düşdükdən sonra isə ödənişləri davam etdirməyə başladım ki, əksəriyyətinin də qəbzi məndə mövcuddur, çünki ödənişlərin bəzilərini əldən göndərmişəm. Ödənişlərdən əlavə isə hər zaman övladlarıma müxtəlif hədiyyələr alıb göndərmişəm. Bunu Bakıdakı bir dostumun əli ilə edirdim. Həmin dostumda mənə məxsus ABŞ banklarından birinin plastik kartı mövcuddur”.
 
Ü. Tanrıverdiyev bildirib ki, Z. Məmmədyarova bu üsulla evini onun əlindən almaq niyyətindədir:

"Sumqayıt şəhərində evim var. Hazırda keçmiş həyat yoldaşım övladlarımla o evdə yaşayır. Amma ev mənə məxsusdur. Mənə dəfələrlə deyib ki, evi, uşaqların hüquqi mülkiyyəti kimi qeydiyyata sal. Bu üsulla məndən evi almaq istəyir. Mən alimenti övladlarım üçün ödəyirəm, amma o özü üçün də pul istəyir. Mənim onun özü üçün də pul ödəmək kimi niyyətim yoxdur. Bu qədər də nankorluq olmaz”.

Xatırladaq ki, bir müddət əvvəl Axşam.az saytı şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova 2017-ci ildə boşandığı Ülfət Tanrıverdiyevi uşaqlarına görə aliment ödəmədiyini iddia edərək məhkəməyə verdiyini yazmışdı. O, buna görə xeyli miqdarda borcunun yığıldığını iddia edib.

Qeyd edək ki, onların bu evlilikdən 2 övladı var.

1