Azərbaycan üçün Tokio-2020 başa çatdı: 14 "qızıl", 1 "gümüş", 4 "bürünc"

İDMAN
08:56 / 04.09.2021
1499

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

HİT.az xəbər verir ki, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Bu gün mübarizəyə qoşulan Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə finala vəsiqə qazana bilməyib. Taranova 503 xalla 29-cu, Zeynalov isə 518 xalla 20-ci olub. Qadın para-atlet Yulia Yanovskaya 400 metr məsafəyə qaçışda 57,18 saniyə ilə 5-ci yeri tutub. 

Beləliklə, Azərbaycan idmançıları üçün yarış başa çatıb. Təmsilçilərimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub. Yarışda ölkənin 34 paralimpiyaçısı mübarizə aparıb.

Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, yarışa sentyabrın 5 də yekun vurulacaq.

0