Bütün marşurutlar kart sisteminə niyə keçmir: Şirkətlər buna nə üçün əngəl törədir?

İQTİSADİYYAT
12:35 / 06.09.2021
1782

"Uzaq olmayan zaman kəsiyində bütün marşurutlar üzrə kart sisteminə keçidi yekunlaşdıracağıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev marşrut avtobuslarının tam olaraq kart sisteminə keçidi prosesinin uzanmasına münasibət bildirərkən deyib: 

"Prosesin nə zaman başa çatacağı barədə dəqiq vaxt söyləmək çətindir. Kart sisteminə keçid bir qədər ağır prosesdir. Bu zaman bir neçə mərhələdə iş aparılır. İlk növbədə avtobuslar texniki baxımdan kart sisteminə keçidə hazır vəziyyətə gətirilməlidir. Avtobuslara kart oxuma cihazlarının quraşdırılması, müəyyən kabelləşmə işlərinin aparılması ictimai nəqliyyatın gündəlik olaraq xətlərdə olması səbəbindən ağır prosesdir. 
 
Buna baxmayaraq, elə də uzaq olmayan zaman kəsiyində bu işi tam olaraq yekunlaşdıracağıq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, alt bünövrə işlərini yekunlaşdırmışıq. İndi qalır inteqrasiya prosesini həyata keçirmək”. 

Mətbuat katibi bildirib ki, prosesin yekunlaşması istiqamətində elə də ciddi süni maneələrlə rastlaşmayıblar: 

"Sadəcə, pandemiyanın yaratdığı çətinliklər vardı ki, bu hal da işin düzgün qurulması ilə aradan qaldırılıb. Bəzi hallada bir sıra şirkətlər prosesin həyata keçməsində maraqlı olmadıqlarını nümayiş etdirdilər. Lakin onlarla da iş aparılıb və işin faydası izah edilib. Nəticədə yaranan problemlər aradan qaldırılıb”. 

Məsələ barədə danışan ekspert Natiq Cəfərli gecikməni bəzi şirkətlərin süni əngəl yaratmasıyla izah edib: 

"Əslində bu, çox asan həll olunan məsələdir. Texniki problemlər də yoxdur. Avadanlıqlar alınıb, gətirilib. Bir çox avtobuslarda artıq quraşdırılıb. Digər marşurutlarda bu günə qədər prosesin yekunlaşmamasının yeganə səbəbi isə kimlərinsə burda dövriyyəni gizlətmək niyyətilə bağlıdır. Yəni mövcud əngəllər süni şəkildə yaradılır”.

0