Rus “sülhməramlıların” sayı süni şəkildə artırılır: Azərbaycan nə etməlidir?

SİYASƏT
16:52 / 08.09.2021
2150

"Sülhməramlıların sayı süni şəkildə artırılırsa, onu müqavilədə nəzərdə tutulan səviyəyə salmağın yolu prosesə Azərbaycan rəhbərliyi və Xarici İşlər Nazirliyinin müdaxiləsindən keçir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbçi ekspert İbrahim Rüstəmli Qarabağdakı Rusiya sülhməramlılarının sayının 7-8 minə çatdırıldığı barədə məlumatlar fonunda, sayın müqavilədə göstərildiyi kimi, 1960 nəfərlik həddə endirilməsi üçün hansısa bir mexanizmin olub-olmadığına aydınlıq gətirərkən deyib. 

"Azərbaycan rəhbərliyi və Xarici İşlər Nazirliyi səviyyəsində prosesə etiraz edilməlidir. Azərbayanın Xarici İşlər Nazirliyi rəhbərlik səviyyəsində açıq kontekstdə bəyanatla çıxış etməli, Rusiyaya nota verməlidir. Baş vermiş olaya etiraz səslərimizi ucaltmalıyıq. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onun razılığı olmadan orada yerləşən sülhməramlıların sayı qanunsuz olaraq artırılmamalıdır”.

Ekspert bildirib ki, Qarabağda sülhməramlıların yerləşdirilməsi, hansı sayda olması ilə bağlı imzalanan konkret rəsmi sənəd var:

"Belə olan halda Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin sənəddə göstəriləndən artıq olması imzalanmış üçtərəfli müqavilənin şərtlərinin pozulması deməkdir. Bu onu göstərir ki, Rusiya prosesdə obyektiv tərəf qismində çıxış etmir. Rusiyanın Qarabağa sülhməramlı adı ilə göndərdiyi adamların sayını hansı məqsədlə şişirtdiyini bilmirəm. Amma bu, Azərbaycan tərəfinə, daha çoxu isə özünə hörmətsizlikdir. Azərbaycan Rusiyanın ən yaxın müttəfiqi və silah alışında ən yaxın müştərilərindən biri idi. Rusiyadan 5 milyard dollara yaxın silah almışıq. Bütün bunların qarşılığında Moskvanın bu cür mövqe tutması təbii ki, Azərbaycanın ona qarşı münasibətində bir sıra ciddi redaktələrə getməsinə səbəb oldu. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti çıxışında Rusiyanı müttəfiq kimi deyil, qonşu kimi xarakterizə etdi”.

Qeyd edək ki, Milli Məclisin deputatı Elman Məmmədov mətbuata açıqlamasında Qarabağdakı sülhməramlıların sayının müqavilədə nəzərdə tutulduğu kimi, 1960 nəfərdən ibarət olması fonunda, xidmət personalı, Rusiya Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşının da orada cəmləşdiyini bildirib.

3