Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.
Sfera.az bildirir ki, bu barədə "Report"a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
Onun sözlərinə görə, 65 yaşlı sənətçi bir həftə əvvəl koronavisrusa yoluxub və Yeni Klinikaya köçürülüb: "Yaqub bəyin vəziyyəti hazırda ağırlaşıb. Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır. Millət vəkili Qənirə Paşayeva da tez-tez zəng edib vəziyyəti ilə maraqlanır. Hər kəs diqqət göstərir, amma vəziyyəti ağır olaraq qalmaqda davam edir”.
A.Zurufçu bildirib ki, Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb: "Analiz vermişdi, cavab pozitiv çıxandan sonra xəstəxanaya yerləşdirildi. Bir həftə palatada qaldı. Orada vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilib. Dünən axşamdan etibarən reanimasiya şöbəsindədir. İntensiv şöbədə olanda həkimlər dedi ki, bu xəstəliyin dünyanın hər yerində müalicəsi eynidir. Yaqub bəyin ürəyi zəifdir. Əgər iynələrə tab gətirsə, sağalmaq ehtimalı var”.