"Çirkli pullarla xaricdə əmlaka yiyələnənlərin mülkləri əllərindən alınacaq"

ÖLKƏ
16:33 / 25.05.2020
1466

Qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək.

HİT.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə təklif olunan əlavəni şərh edərkən deyib.

Məcəllənin 521-ci maddəsi “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun  qərarlarının icrası qaydası” adlanır.

Qanun layihəsində isə maddənin adı dəyişdirilib və “Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası” adlandırılıb.

Təklif olunan 521.1-ci maddə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir.

Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.

Deputat F.Ağamalı bildirir ki, qanun layihəsi reallığı özündə əks etdirən yanaşmadır.

“Azərbaycanda müxtəlif şəkildə pul vəsaitləri əldə edənlər var. Bu pulları halal yolla, zəhmətlə qazanılmayan vəsait kimi nəzərə almaq lazımdır”, - deyə F.Ağamalı əlavə edib.

Onun fikrincə, qeyri-qanuni yolla əldə edilən pullar hesabına xaricdə tikilən, ayrı-ayrı ölkə vətəndaşlarının məşğulluğuna xidmət edən, həmin ölkələrin büdcəsinə vəsait daxil olmasına xidmət edən hallar bütün mənalarda başadüşülən deyil.

Millət vəkili hesab edir ki, bəzi azərbaycanlıların xaricdəki mülkləri araşdırılmalı və təsnifatı aparılmalıdır.

“Əgər o mülklər cinayət xarakterli əməllərlə əldə olunubsa, bunun barəsində hüquqi baxımdan addım atmaq mümkün olacaq”, - deyən F.Ağamalı təklif də səsləndirib:

“Məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər”.

Qeyd edək ki, qanun layihəsi qəbul olunacağı təqdirdə 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək.

1