Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında kadr potensialının gücləndirilməsi istiqamətində elmi-texniki əməkdaşlıqla bağlı görüş keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, görüşdə aqrar sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, kadr potensialının təkmilləşdirilməsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, kənd təsərrüfatı və aqrar sənaye sahələrində insan resurslarının inkişafı istiqamətində elmi-texniki əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Tədbirdə kadr potensialının inkişafı məqsədilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədov imzalayıblar.
Anlaşma Memorandumunda kənd təsərrüfatı sahələri üzrə yüksək ixtisaslaşmış kadr ehtiyatının yaradılması, mövcud mütəxəssislərin nəzəri və praktiki bilik və texniki peşə bacarıqlarının, habelə xarici dil biliklərinin artırılması üçün qarşılıqlı əməkdaşlığın qurulması, o cümlədən əməkdaşların konfrans, təlim, seminar və layihələrə cəlb edilməsi, təcrübə proqramlarında birgə iştirakı ilə bağlı maddələr yer alıb.
Sənədə əsasən tərəflər kənd təsərrüfatı və aqrar sənayedə bitkiçilik, heyvandarlıq və istehsal sahələri üzrə kadr hazırlığının qarşılıqlı surətdə təşviq edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Anlaşma Memorandumunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları ilə məlumat və təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat institutlarının elmi işçiləri tərəfindən “Agro Food İnvestments” Qrupunun mütəxəssislərinin nəzəri, praktik bilik və texniki peşə bacarıqlarının artırılması məqsədilə onlara təlim və seminarın keçirilməsi, həmçinin “Agro Food İnvestments” Qrupun aqrar sahədə kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrə dəstək olması nəzərdə tutulur.
Əldə olunmuş razılığa əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarının elmi işçiləri “Agro Food İnvestments” Qrupuna daxil olan təsərrüfatlara mütəxəssis-ekspert qismində cəlb ediləcək, “Agro Food İnvestments” Qrupu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin məlumat bazalarından istifadə edə biləcək.