İranın Azərbaycan əleyhinə kampaniya aparmasının pərdəarxası - Politoloq 

SİYASƏT
16:56 / 05.10.2021
1579

"Azərbaycan sərhədləri boyunca hərbi təlimlərin keçirilməsinə don geydirmək, öz qara niyyətlərini ört-basdır etmək və region dövlətlərinə öz cılız maraqlarını qəbul etdirmək üçün Tehran bu cür məntiqsiz və riyakar açıqlamalar verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın son günlər heç bir real fakt təqdim etmədən Azərbaycan əleyhinə kampaniya aparmasının arxasında hansı məqsədlər dayandığına aydınlıq gətirərkən deyib. Həmsöhbətimiz bildirir ki, İranın keçirdiyi hərbi təlimləri "Xeybər Fatehi” adlandırması da məhz bu kontekstdədir: 

"Guya ki, İsrailin Azərbaycanda hansısa hərbi aktivliyi və ya hərbi obyektləri mövcuddur. Bu xüsusda Tehran guya öz təhlükəsizlyi baxımından buna imkan verməyəcəyilə bağlı mesaj verir. Əslində isə, bunun həqiqət olmadığını Tehran özü gözəl bilir. 44 günlük müharibə dövründə də İran guya Azərbaycan ərazisində Yaxın Şərqdən gələn terrorçuların vuruşduğu barədə dezinformasiya yaymışdı”. 

Politoloq düşünür ki, İranın belə hərəkəti ictimai fikri çaşdırmağa, Azərbaycana yeni təzyiq imkanları üçün tutacaqlar yaratmağa hesablanıb:
"Dezinformasiyalardan istifadə etməklə İran özünə haqq qazandırmaq istəyir. Bunun müqabilində Bakıya əzələ nümaqyiş etdirir. Ancaq onun keçirdiyi hərbi təlimlər Bakının ciddi reaksiya vermədiyi davranışı müqabilində kölgədə qaldı. Bakı İran üçün üçüncü dövlətlərin Azərbaycandan plasdarm olaraq istifadəsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib. İran isə öz qara niyyətlərini ört-basdır etmək üçün bu cür yalanlara əl atır”. 

Politoloqun fikrincə, İran bununla çalışır ki, Azərbaycan onun geosiyasi maraqlarını təmin etmək üçün güzəştlərə getsin:

"Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya arasında bütün kommunikasiyaların açılması fonunda Zəngəzur dəhlizinin açılması da müzakirə predmetidir. İran isə bundan dəhşətli dərəcədə narahat olub. Düşünür ki, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın nəzarətində olması fonunda İranın Ermənistanla birbaşa quru sərhədi bağlanacaq və o, üçüncü dövlətin nəzarəti altında İrəvanla əlaqə qurmaq məcburiyyətində qalacaq”. 

N. Miri qeyd edir ki, 60-70-ci illərin köhnə Amerika texnikası ilə silahlanmış İran ordusunun Azərbaycana əzələ nümayiş etdirməsi "milçək vızıltısından” başqa bir şey deyil:

"Tehran bu hərəkətilə növbəti dəfə bütün proseslərdə oyundankənar vəziyyətə düşəcək. Əslində İran yaratdığı tələyə özü düşüb”. 

0