Fəxrəddin Altun: “Qlobal böhranlara qarşı yeni bir yanaşmaya ehtiyac var”

DÜNYA
15:35 / 20.10.2021
628

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Güc və Paradoks: 21 -ci əsrdə Böyük Strategiyanı Anlamaq” mövzusunda bu il təşkil edilən 5-ci TRT Dünya Forumunda video konfrans vasitəsi ilə iştirakçılara xitab edib.

Hit.az xəbər verir ki, Altun çıxışı zamanı Türkiyənin beynəlxalq sistemdəki çətinlikləri izlədiyini və bunlara cavab vermək üçün addımlar atdığını vurğulayaraq “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında xarici siyasət strategiyamızı sadəcə təhlükəsizlik məsələlərimizi deyil, həm də regional və qlobal problemləri həll edəcək şəkildə yenidən müəyyənləşdirdik. Yaxın ətrafımızdakı münaqişələrin həllini xarici siyasətimiz üçün vacib prioritetə çevirdik. Türk xarici siyasət qurucuları Suriya, Liviya və İraqdakı münaqişələri həll etmək üçün müxtəlif təşəbbüslər göstərdilər. Həmçinin Şərqi Aralıq dənizi və Azərbaycan-Ermənistan münaqişəsi də daxil olmaqla bütün böhran bölgələrində tərəfləri dialoqa və konstruktiv diplomatiyaya iştirak etməyə dəvət etdik. Cənab Prezidentimiz ölkələri bu sahələrdəki anlaşılmazlıqları müzakirə və həll etmək üçün beynəlxalq konfranslar keçirməyə çağırdı.”, – deyib.

Kovid-19 böhranının Soyuq Müharibənin bitməsindən bəri mümkün olan ən pis vaxtda dünyanı təsiri altına aldığını, 2020-ci ildə dünyanın müxtəlif yerlərində bir çox beynəlxalq münaqişənin həll olunmamış qaldığını ifadə edən Altun, “Bu proses dövlətlərin uzunmüddətli strategiyalar yaratmağa və qlobal təhdidlərə qarşı mübarizə aparmağa fokuslanmalarını çətinləşdirdi. Həmçinin bir islahat prosesinin olmaması, beynəlxalq qurumları böyük qlobal böhranlarla mübarizədə zəif və hazırlıqsız vəziyyətdə qoydu. Sadəcə BMT deyil, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumların qlobal bir böhranı həll edə bilmədiyi sübut edildi.”, – deyə bildirib.

Epidemiya başladığı zaman beynəlxalq əməkdaşlıq ideyasının ən aşağı səviyyədə olduğuna işarə edən Altun sözlərinə belə davam edib: “Hər bir ölkə birtərəfli hərəkət etməyi seçdi, tibbi avadanlıqlar mövzu olunca müdafiə metodu izlədi və böhrana birgə cavab verəcək bir çərçivə hazırlaya bilmədi. Bundan əlavə, Kovid-19 böhranı dünyada mövcud olan bərabərsizliklərin təkcə inkişaf etməmiş ölkələr üçün deyil, bütün dünya üçün böyük təhlükə olduğunu da göstərdi. Məlum oldu ki, resursların və avadanlıqların ədalətli bölgüsü olmadan mövcud epidemiya bitməyəcək.”

Altun son iyirmi ildə terrordan humanitar problemlərə, iqlim dəyişikliyindən Kovid-19-a qədər qlobal böhranların ortaya çıxmasının bütün millətlərin böyük strategiyalarını tərtib etməkdə yeni bir yanaşmaya ehtiyacları olduğunu göstərdiyini vurğulayıb.

O, Türkiyənin beynəlxalq qurumlar üçün islahat prosesinin əhəmiyyətini bildiyini qeyd edərək, beynəlxalq təşkilatların mövcud strukturları ilə qlobal problemləri həll edə bilmədiyinə diqqət çəkib.

BMT Təhlükəsizlik Şurası islahatlarının uzun müddətdir həyata keçirilmək istənildiyini, lakin bunun hələ də mümkün olmadığını ifadə edən Altun, “Bu şuranın son bir neçə ildə qətiyyətli addımlar ata bilməməsinin əhəmiyyətli regional problemlərə səbəb olduğunu gördük. Təhlükəsizlik Şurası üçün islahat prosesini dəstəkləyirik və bunun həm Türkiyənin, həm də dünyadakı digər ölkələrin maraqlarına xidmət edəcəyini düşünürük.”, – deyə qeyd edib.

Türkiyənin Kovid-19 böhranının başlamasından etibarən qlobal problemlərin qlobal həll tələb etdiyi fikrini dəstəklədiyini söyləyən Altun, beynəlxalq həmrəyliyin və əməkdaşlığın bu problemlərin həlli üçün həlli yolu olduğunu bildirib.

0