Psixoloq Elnarə Eminova ilə müsahibə
- Elnarə xanım, son zamanlar azyaşlı qızların hamilə qaldığı və ya ana olduğu barədə xəbərləri daha çox eşidirik. Azyaşlı uşaqların təcavüzə məruz qaldıqdan sonra aldığı travmanın sonu nə ilə nəticələnə bilər?
- Təəssüf ki, bu həqiqətdir. Və bu acı xəbərlər daha çox psixoloq olaraq bizləri məyus edir. Bu cür travmalar uşaqlarda özgüvənin itirilməsinə, bir çox psixoloji problemlərin yaranmasına səbəb olur. Təbii ki, azyaşlılara təcavüz edən insanların da psixoloji problemləri var. Onlar pedofiliya xəstəliyindən əziyyət çəkirlər və bu səbəbdən də nə etdiklərini dərk etmirlər.
- Sizcə, burada valideyn etinasızlığı və övladına qarşı diqqətsizliyi rol oynaya bilərmi?
- Əlbəttə, bu, birmənalı olaraq valideyn diqqətsizliyindən irəli gəlir. Əgər biz dünyaya uşaq gətiririksə, ilk növbədə o övaldı hər zaman nəzarətdə və diqqətdə saxlamalıyıq. Bəzən valideynlərin öz şəxsi işlərinə, iş həyatlarına, ətrafdakı insanlara və yaxud maddi durumu düzəltməyə o qədər başları qarışır ki, övladlarına vaxt ayıra bilmirlər. Bu səbəbdən də hər zaman əziyyət çəkən övladlar olur. Valideynlər öncə övladlarını düzgün şəkildə tərbiyə etməlidirlər. Bəzi ailələrdə sərhədlər və qadağalar var. Məsələn: Övladın yanında nalayiq danışmaq, açıq-saçıq səhnələr izləmək olmaz.
Bu qədər qapalı olduğumuz müddətdə uşaqlar intim mövzusunda o qədər məlumatsız qalırlar ki, belə hallarla qarşılaşdıqlarında acı nəticələrlə üzləşirlər. Valideynlər övladlarına problemlərini söyləməyi öyrətməlidirlər. Uşaqlar bir sual verirsə, onu geniş şəkildə cavablandırmalıdırlar. "Yaşına uyğun deyil", "Bunu hardan eşitmisən", deyərək onları qorxutmamalıdırlar. Bu kimi davranışlar uşaqların valideynləri ilə dost kimi rəftar etmələrinin qarşısını alır və ikinci dəfə artıq valideynə belə suallar vermirlər. Hər şeyi valideynlərindən gizlətməyə çalışırlar. Çünki valideyn onu yaxşı qarşılamır, onu cəzalandırmağa başlayır və yaxud inanmır. Buna görə də, bu cür xoşagəlməz hallar baş verir. Nə qədər ki, valideyn və övlad münasibətləri sərhəd çərçivəsində olacaq, nə qədər ki, bu mövzular qapalı şəraitdə olacaq, televiziyada olan açıq-saçıq səhnələr zamanı uşaqlar otağı tərk etmək məcburiyyətində qalacaqsa o qədər də bu mövzulardan məlumatsız olacaqlar.
- Bu cür xoşagəlməz hadisələrdən övladlarımızı necə qoruya bilərik?
- Bu problemlərdən uşaqları qorumaq üçün valideynlərin üzərinə bir sıra vəzifələr düşür ki, bunlar da təxirəsalınmazdır.
1. Uşaqla dost kimi davranmalıdırlar;
2. Valideynlər uşağın hər gününün necə və kiminlə keçdiyini soruşmalı, öyrənməlidirlər;
3. Uşaqların problemlərini dinləməyi bacarmalıdırlar;
4. Uşağın problemini dost kimi həll etməlidirlər.
Əgər uşaq məktəbdən və yaxud hər hansı bir yerdən evə gələrkən özünü qapalı, ünsiyyətdən kənar tutursa, bilmək lazımdır ki, onun nə isə problemi var. Bəzən valideynlər bu kimi məsələləri kiçik hesab edərək məsuliyyətsiz yanaşırlar. Uşağın özünə qapalı olmasının kökündə nəyin dayandığı ilə maraqlanmırlar. Uşaqları sevgi, qayğı, diqqət ilə böyütmək lazımdır ki, uşaqlar arxalarında onları hər bir səhvləri ilə sevən, qəbul edən valideynlərinin olduğunu anlamalı və özlərində özgüvən hiss etməlidirlər. Bütün problemlərini valideynlərinə rahat şəkildə söyləyə bilməlidirlər. Əgər belə olsa, bu kimi problemlər baş verməz. Uşaqları qorumalıyıq, çünki onlar bizim gələcəyimizdir.
Nahidə Əmiraslanova / Qaynarinfo