Prezidentin Şuşa çıxışında Ermənistana hansı mesajlar vardı? - ŞƏRH

SİYASƏT
16:57 / 09.11.2021
1706

"Ermənistan o reallıqla barışmalıdır ki, "9 noyabr" bəyanatının bəndlərində təkcə Azərbaycan maraqlı deyil, həm də Rusiya maraqlıdır"

Bunu Hit.az-a açıqlamasında jurnalist, siyasi şərhçi Anar Həsənov deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında olan münaqişəyə tam fərqli bir yanaşma nümayiş etdirir:

"Bu gün Ermənistan sözsüz ki, status məsələsinin müzakirə edilməməsi ilə bağlı çox məyusdur. Çünki Rusiya Gürcüstan və Abxaziya ilə bağlı məsələyə münasibətdə hər iki dövlətin müstəqilliyini tanıdı. Avropa Kosovaya münasibətdə Kosovanın müstəqilliyini tanıdı. Ümumiyyətlə, dünyadakı bu etnosiyasi münaqişələrə yekdil münasibət yoxdur. Amma Azərbaycan və Ermənistan arasında olan münaqişəyə gəldikdə isə Rusiya tamam fərqli bir yanaşma nümayiş etdirir. Avropa və Rusiya arasında bu məsələdə böyük ziddiyyətlər müşahidə edirik. Bu gün ermənilərin əsas ümid etdiyi regiona Avropa və Qərb qüvvələrinin yerləşdirilməsi məsələsidir". 

Həmsöhbətimiz bildir ki, Azərbaycana olan təzyiqlər Qərbin siyasətinin bir hissəsidir:

"Minsk qrupunun üzvləri arasında 10-dan çox dövlət var və ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlər müzakirə edilərkən hər zaman sülhməramlı qüvvələr adı altında təkcə Rusiya düşünülməyib. Eyni zamanda başqa dövlətlərin də sülhməramlı qüvvələri düşünülüb. Və sözsüz ki, bu gün Amerika, Avropa da Gürcüstan, Ukraniya, Moldova üzərindən Rusiyaya, Azərbaycana və Türkiyəyə müəyyən təzyiqlər göstərib regiona hər halda öz qüvvələrini yerləşdirmək istəyib. Söhbət sülhməramlı adı altında beynəlxalq qüvvələrdən gedir. Və Azərbaycana olan təzyiqlərlə istər "Freedom House" tərəfindən, istər müəyyən araşdırma mərkəzləri tərəfindən, istərsə də Fransanın Senatı tərəfindən bütün bunlar ümumi, yəni Qərbin Azərbaycana və Rusiyaya olan siyasətinin bir hissəsidir. Azərbaycan Prezidenti də Şuşada olarkən bildirdi ki, istənilən təzyiq qarşısında biz tab gətirəcəyik və Qərbin Azərbaycanın uğrunu oğurlamaq cəhdləri puça çıxacaq. Ermənistan o reallıqla barışmalıdır ki, "9 noyabr" bəyanatının bəndlərində təkcə Azərbaycan maraqlı deyil, həm də Rusiya maraqlıdır. Rusiyaya həmin bəndlərin tam həyata keçməsi ilə bağlı Avropanın təzyiqləri var. Hələlik Rusiya bu təzyiqlərə tab gətirir və o cəhətdən də İlham Əliyevin mesajlarında biz qətiyyət görürük, ardıcıllıq görürük ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətləri də bərpa olunmalıdır. Və hətta Ermənistanla Azərbaycan arasında sərhəd də müəyyən edilməlidir. Bu sərhəddin müəyyən edilməsindən əvvəl və sonra da sülh sazişi bağlana bilər. Sülh sazişi bağlansa da, bağlanmasa da Qarabağ ərazisindəki işğalçı ordu oranı tərk etməlidir. Yəni edilən çıxışda bu mesajlar var idi". 

Siyasi şərhçi hesab edir ki, Gürcüstan, İran və Ermənistanın gizli bir ittifaqı var:

"Bilirsiniz, dünyada müxtəlif münaqişələr var və heç bir kəs deyə bilməz ki, sülh sazişi olmadan iki dövlət arasında kommunikasiya bərpa edilə bilməz. Məsələn, Dnestryanın münaqişəsi. Kşinyovla Teraspl arasında münaqişə davam edir, müharibə vəziyyətidir. Amma bütün bunlara baxmayaraq Moldovaya gedən qatarlar Teraspl ərazisindən keçir. Və heç kəsin də hüquqları pozulmur. Sülh sazişi belə bağlanmadan Azərbaycandan Ermənistan üzərindən Naxçıvana kommunikasiya bərpa edilə bilər. Yəni məsələ budur. Sadəcə bu gün həm bizə, həm də Rusiyaya regionda böyük təzyiq göstərən Avropadır, görürsünüz ki, Gürcüstanın sahillərinə artıq NATO-nun gəmiləri yaxınlaşır. Və hələ də Ermənistan, Azərbaycan, Rusiya rəhbərləri arasındakı videokonfrans vaxt ilə bağlı qeyri-müəyyənlik var. Və bu ərəfədə Rusiya prezidenti ilə Amerika Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin telefon danışıqları və həmin danışıqlar zamanı regional münaqişələrin müzakirəsi artıq bir daha ona işarədir ki, Rusiyaya bunu bildirirlər. Dəhliz məsələsi ilə bağlı bizsiz, bizim maraqlarımızı nəzərə almadan atacağın addımların qarşılığında Gürcüstanda NATO ordusunu görə bilərsən. Bilirsiniz ki, Dəhliz məsələsinə İranın da, Gürcüstanın da münasibəti eynidir, oxşardır. Mən hesab edirəm ki, Gürcüstan, İran və Ermənistanın burda gizli bir ittifaqı var. Və bu gizli ittifaqın maraqları birbaşa Amerikanın və Avropanın maraqları ilə üst-üstə düşür. Bütün bu münaqişələrin kökündə nəqliyyat dəhlizlərində enerji məhsullarının nəqli məsələsi durur. Amerika və Qərb istəmir ki, Mehri, Sünik kimi ərazilər tamamilə Rusiyanın nəzarətinə keçsin və orda tamamilə İranın maneələri puça çıxsın. Və İran vasitəsilə gələcəkdə Ermənistan və Gürcüstan üzərindən Avropaya qaz, neft nəqlinə bir maneə yaransın. Bax məsələ budur. İlham Əliyev isə öz mesajlarını bildirdi ki, biz mövqeyimizdən bir addım da geri çəkilən deyilik!"

Aysun Əsgərova

0