“Səddamın sarayı” – bitən bir dövrün izləri… - FOTOLAR

DÜNYA
23:55 / 10.11.2021
2822

İraqda qədim Babil şəhərinin mərkəzində təpələrdən birinin üzərinə inşa edilən “Səddamın sarayı” geridə qalan dövrün izlərini bu günə qədər daşımaqda davam edir. 

"Qafqazinfo" xəbər verir ki, tarixi əsərlərin olduğu ərazidə 1990-cı illərdə Körfəz müharibəsindən sonra tətbiq edilən iqtisadi embarqo dövründə xüsusi arxitektura ilə tikilən saray son illər baxımsız qalsa da, bölgəni ziyarət edən turistlərin diqqətini çəkir. 

Paytaxt Bağdadın təxminən 100 kilometr cənubunda yerləşən “Səddamın Sarayı” yüksək təpədən Fərat çayına baxır. 

Sarayın ətrafında vaxtilə ailələrin istirahəti üçün qurulan bağ və yaşıllıq sahələr baxımsızlıqdan dağılıb. Səyyar satıcılardan başqa, adətən, burada həyat yoxdur. Bir vaxtlar xüsusi diqqət çəkən antik şəhərə sosial tədbirlər istisna olmaqla gələn yoxdur. 

4 min illik tarixə malik antic şəhərin mərkəzində yerləşən “Səddamın sarayı” 4 mərtəbədən ibarətdir. Sarayın tavanına İraqda çox rast gəlinən xurma ağacı naxışları işlənib. Sarayın divarları cızma-qara və yazılarla səliqəsiz hala salınıb, ehtişamlı çilçıraqların isə qırıntıları qalıb. 

Vətəndaşların saraya 2003-cü ilə qədər yaxınlaşmasına icazə verilməzdi. Tikintisi 4 il davam etmiş saraya devrilmiş lider Səddam Hüseynin özünün də cəmi bir dəfə gəldiyi iddia edilir. 

ABŞ silahlıları 2003-cü ildən 2011-ci ilə qədər buradan qərargah kimi istifadə edib və vətəndaşların saraya yaxınlaşmasına icazə verilməyib. Hazırda isə bu qadağa götürüldüyündən, hər kəs saraya asanlıqla daxil ola bilir və ölkənin 35 illik dövrünə səyahət etmək mümkündür. 

İraq hakimiyyəti sarayı “tarixi abidə” və “yerli televiziya yayım mərkəzi” etmək istəsə də, siyasi partiyalar arasında yaranan fikir ayrılıqları və kirayə münaqişələri səbəbindən sözügedən layihələr reallaşa bilməyib.
Qədim Babil şəhərində 2003-cü ildən sonra ilk dəfə iki həftə əvvəl “Beynəlxalq Babil Festivalı” keçirilib. İraqlıların böyük marağına səbəb olan beş gün davam edən festivala xaricdən ərəb müğənnilər və xalq rəqs qrupları da qatılıb.

 

1