Ukrayna ətrafında Rusiya qoşunlarının cəmləşdirildiyi və Kremlin bu ölkəyə hücum planlarının olduğu haqda xəbərlərin, bəyanatların yaylıldığı bir vaxtda Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyinin strateji idarəetmə Mərkəzinə gedib və orada müşavirə keçirib. Belarus prezidentinin mətbuat xidməti bildirir ki, Lukaşenko generallar qarşısında ölkənin Polşa ilə sərhədində hazırda yaşanan qaçqın böhranından və NATO-nun Belarus sərhədlərinə qoşun cəmləşdirməsindən danışıb.Və eyham vurub ki, əgər Donbassda müharibə başlasa Belarus Rusiyanın tərəfində döyüşəcək.
“Onlar (Qərb) yaxşı başa düşürlər: əgər onlar yenidən Donbassda və ya haradasa Rusiya ilə sərhədlərdə müharibə başlatsalar Belarus kənarda dayanmayacaq. Və aydındır ki, Belarus kimin tərəfində olacaq. Onlar bunu başa düşürlər, ona görə də indi Ukrayna-Belarus sərhədini möhkəmləndirirlər. Hərçənd buna (müharibənin olacağına) dəlalət edən heç bir fakt yoxdur, situasiya tam sakitdir, hətta əvvəl olduğundan daha sakitdir”,-Belarus prezidenti bildirib.
Lukaşenko hazırda Rusiyanın Ukraynaya hücuma hazırlaşması adı altında “Rusiya Federasiyası ətrafında fəal hərəkətlərin olduğunu” da deyib. Bildirib ki, Rusiyanın hücum etməyə hazırlaşdığı haqda onda informasiya yoxdur.
“Məndə Rusiyanın Ukraynaya hücum planlaşdırdığı haqda məlumat yoxdur. Amma onların belə fikirləri olsaydı o zaman Belarus hərbçiləri, o cümlədən mən özüm bu haqda bilərdik. Bizə xəbər verərdilər. Lakin bir daha təkrar edirəm: fakt varsa qoyun masanın üstünə!”, - Lukaşenko deyib.
Belarus prezidenti müdafiə nazirinə və Dövlət Sərhəd Komitəsinin sədrinə tapşırıq verib ki, Polşa və Ukrayna ilə sərhəddə vəziyyəti diqqətlə izləsinlər. NATO-nun mümkün hücumuna qarşı əməliyyat planı işləyib hazırlasınlar./virtualaz.org/