Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Qarabağda dayanıqlı sülh üçün perspektivlər

12:48 / 01.12.2021
2958

Politoloq Ceyhun Osmanlı

Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri bu yaxınlarda Brüsseldə idarəetmə və investisiyaya güclü diqqət yetirərək tərəfdaşlığı inkişaf etdirmək, eləcə də yeni və iddialı Avropa İttifaqının Şərq Tərəfdaşlığı gündəliyinin həyata keçirilməsinə təkan vermək üçün bir araya gəldilər. 
 
Bu görüş dekabrda keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti üçün zəmin təşkil etsə də, Ermənistan və Azərbaycan arasında son vaxtlar baş verən qanlı toqquşmalar Avropa İttifaqının şərq sərhədlərində sülh və sabitliyi bir daha təhlükə altına qoymuşdur.
 
Ermənistan və Azərbaycan arasında 44 gün davam edən "İkinci Qarabağ Müharibəsi”nin bitməsindən bir il ötsə də, iki ölkə arasında sərhəddə gərginlik artmaqda davam edir. Belə ki, Kəlcəbər və Laçın rayonlarında baş vermiş son toqquşma nəticəsində Ermənistan tərəfdə 15, Azərbaycan tərəfdə isə 7 nəfər həyatını itirib,  xeyli sayda yaralı var. Bu toqquşma, 2020-ci ilin noyabr ayında Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından sonra ən qanlı toqquşma hesab olunur.

Yuxarıda qeyd olunan üçtərəfli bəyanata qədər Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin yarısını hərbi yolla işğaldan azad etmiş, daha sonra Ermənistan 2020-ci ilin dekabr ayına kimi işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edilmişdir. Sərhədə çıxışı və nəzarəti bərpa etdikdən sonra Azərbaycan tərəfi, Ermənistan və Rusiya ilə razılaşdırılmış xəritəyə uyğun olaraq sərhəd mühafizəsi tədbirlərini həyata keçirməyə başlamış və Ermənistanı delimitasiya və demarkasiya prosedurları üzərində işə başlamağa dəvət etmişdir.

Azərbaycanın regionun inkişafı üçün minatəmizləmə və yenidənqurma işlərinə başlamasına, yeni magistral yollar və hava limanlarının tikintisinə təşəbbüs göstərməsinə və işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər layihələri irəli sürməsinə baxmayaraq, Ermənistanın saziş üzrə öhdəliklərini yerinə yetirməməsi regionda sabitliyi yenidən pozmaq riski yaradır. Bu, Ermənistanın strateji mövqeləri ələ keçirmək üçün hərbi əməliyyatlara başlaması, bir neçə kəndi geri qaytarmaqdan imtina etməsi və Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın hazırda atəşkəsə nəzarət etmək üçün Rusiyanın sülhməramlı missiyası yerləşdirilmiş Dağlıq Qarabağ bölgəsinin bəzi hissələrinə icazəsiz səfər etməsi ilə özünü biruzə vermişdir.

Noyabr ayında Azərbaycan ərazilərinə nazir səviyyəsində səfərin təşkil edilməsi və erməni silahlı qüvvələrinin Laçın rayonunda Azərbaycan ordusunun mövqeləri arasındakı yolu bağlamaq cəhdi ilə İrəvan yeni təxribatlara əl atmışdır. Bu təxribatlar Şuşada üç Azərbaycan əsgərinin yaralanması ilə nəticələnən partlayışla davam etmişdir.

Ermənistan tərəfinin atdığı bu addımlar onun imzalanmış atəşkəsin müddəalarına zəif bağlılığını və tərəflər arasında inamsızlıq yaratmaqla yanaşı, üçtərəfli bəyanatda həll olunmamış məsələlərin yerinə yetirilməsində xoş niyyətinin olmamasını nümayiş etdirir. Daha da vacibi, Ermənistan tərəfi bu addımları ilə Rusiyanın regionda sülhyaratma səylərinə kölgə salır.

Bundan əlavə, qarşı tərəf Ermənistan ərazilərində təcavüzkar hərbi hərəkətlərə dair əsassız iddialar qaldırmaqla dəfələrlə xarici yardıma müraciət edərək problemi beynəlmiləlləşdirməyə can atır və digər məsələlərlə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müdaxilə edəcəyinə ümid edir.

Üstəlik, Azərbaycan hərbi qüvvələrini sərhəddə baş verən insidentlərlə bağlı ittiham etməsinə baxmayaraq, Paşinyanın müdafiə naziri Arşak Karapetyanı istefaya göndərməsi İrəvanda daxili parçalanmanın, siyasi qeyri-sabitliyin və xaosun mövcud olmasına işarədir. İranın Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlər təşkil etməsi və Ermənistanın son bir neçə həftə ərzində öz nümayəndəsini İsraildən geri çağırması ilə gərginliyin ən yüksək həddə çatdığı bir dövrdə bütün regionun yeni xaosa tab gətirə bilməyəcəyi daha bir narahatlıq doğurur.

Bütün bu baş verənləri nəzərə alsaq, regionda sülhün və təhlükəsizliyin vaxtında bərpa olunmasının indi həmişəkindən daha vacib olmasına işarədir. Lakin davamlı sülh və firavanlıq, hərtərəfli sülh müqaviləsi, sərhədlərin dəqiq müəyyənləşdirilməsi və atəşkəs sazişində nəzərdə tutulan əlaqələndirici layihələr üçün münbit zəmin olmadan əldə edilə bilməz.

Ermənistanın cənub ərazilərindən keçərək Azərbaycan və Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolunun açılması regionda daha böyük nəqliyyat layihələrinin önünün açılmasına gətirib çıxara bilər. Bu, nəinki Azərbaycanla Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında əlaqəni təmin edəcək, həm də Asiya və Avropa arasında yeni quru əlaqə və nəqliyyat xətlərinin yaranmasına gətirib çıxaracaqdır.

Bu, regionun minalardan təmizlənməsinə dəstək, sərhədlərin delimitasiyası və demarkasiyası və bütün ticarət, enerji və nəqliyyat əlaqələrinin açılması da daxil olmaqla Avropa İttifaqı üçün regionda münaqişədən sonra yenidənqurma və reabilitasiya ilə məşğul olmaq imkanı təmin etməklə yanaşı, Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrini iqtisadi cəhətdən canlandırması üçün unikal fürsətdir. Qarşıdan gələn Şərq Tərəfdaşlığı Sammiti bu fürsətdən təxirə salınmadan istifadə etməlidir.
 
Redaksiyadan:
 
Qeyd edək ki, bu məqalə "EU Today" saytında da yayımlanıb. Məqaləni ingilis dilində oxumaq üçün linkə keçid edə bilərsiniz.

0