Bu gün, Azərbaycanın böyük bir hüznlə 14 şəhidini torpağa tapşırdığı bir gündə Əli Kərimlinin partiyasının (AXCP) üzvləri Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd ediblər.
Aksiyanın məqsədi hazırda həbsdə olan, bir vaxtlar Əli Kərimlinin özünü və partiyasını Rusiya üzərindən maliyyələşdirməkdə ittiham olunan Saleh Rüstəmliyə azadlıq tələb etmək idi.
Öncə onu qeyd edək ki, sosial şəbəkələrdə saxta profillərlə yaradılan hay-küyə rəğmən aksiyaya heç bir ictimai dəstək olmadı. Maksimum 50 nəfərin qatıldığı aksiyaya heç Əli Kərimlinin özü də qatılmamışdı.
Görünür bu aksiya da onun bir çox belə addımları kimi hansısa xarici dairələrə hesabat xarakteri daşıyırdı. Çünki xalqın matəm içində olduğu bir gündə belə aksiyanı keçirməyə cəhd etmək təxribatdan başqa bir şey deyildi. Xalq da artıq bunu bilir! Və məhz buna görə də uzun illərdir ki, Əli Kərimlinin, rəhbəri olduğu AXCP-nin atdığı addımlar anti-Azərbaycan əməli kimi dəyərləndirilir və heç bir dəstək almır.
İstintaq materiallarına görə, Gədəbəyin sabiq icra başçısı, Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçıb Moskvaya sığınan Saleh Rüstəmli Rusiyada müxtəlif mənbələrdən 450 min ABŞ dolları toplayıb Əli Kərimli və ətrafına göndərərkən yaxalanıb.
Əli Kərimlinin özü də açıqlamalarında Saleh Rüstəmlinin ona və ətrafına dəfələrlə ianələr etdiyini təsdiqləyib. Saleh Rüstəmlinin özü də belə yardımlar etdiyini istintaqa etiraf edib.
Bəs Rusiya kimi bir ölkədə illərlə belə sistemli ianələrin yığılmasını təşkil etmək, həyata keçirmək Moskvanın xəbəri olmadan mümkün idimi? İstintaq bu suallara cavab axtarmalı deyilmi? Başqa ölkələrin Azərbaycanın siyasi həyatını öz istəklərinə uyğun dizayn etməsinə çalışması, Azərbaycan dövlətinə təsir rıçaqları yaratmağa cəhd etməsi narahatlıq yaratmamalıdırmı?
Azərbaycan 44 günlük Vətən müharibəsi vaxtı bir daha, həm də bütün dünyaya göstərdi ki, heç bir ölkə, heç bir xarici qüvvə və daxildəki əlaltıları bizim ölkə təzyiq dili ilə danışa bilməz!
Saleh Rüstəmliyə gəlincə, onunla bağlı yalnız məhkəmə qərar verə bilər. Bir də hər il yüzlərlə məhkumu əfv edən, böyük mərhəmət nümunəsi göstərən Azərbaycan Prezidenti!
Vəssalam!