Müdafiə Nazirliyi 800 min manatlıq müqavilə bağladı

İQTİSADİYYAT
18:40 / 24.12.2021
1178

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi "Azərenerji Təchizat” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 874 907.88 AZN təşkil edən müqavilədə təmir işlərinin satın alınması nəzərdə tutulur.

"Azerenerji Təchizat” MMC "Azərenerji” ASC ilə qarışdırılmamlıdır. MMC-nin sözügedən ASC-yə ümumiyyətlə aidiyyəti yoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Azərenerji Təchizat” MMC 26 noyabr 2019 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Çobanov Famil Eldar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi hər hansı məlumat  yoxdur. Araşdırmalarımız zamanı bəlli olub ki, "Azərenerji Təchizat” MMC əsasən Sumqayıtın yerli qurumlarının elan etdiyi tenderlərin qalibi olur. İki ildir fəaliyyət göstərməsinə baxmayaraq, şirkət bir neçə iri məbləğli tender qazanıb. 

Bundan başqa, şirkətin qanuni təmsilçisi əvvəllər Qafurzadə Xəyal Səlim oğlu olub. Bu şəxs haqqında da açıq mənbələrdə hər hansı məlumat yoxdur. MMC-nin reyestr sənədlərinə 2021-ci ildə dəyişiklik edilib. Görünür, bu dəyişikliklə qanuni təmsilçi də dəyişib. 

 

 

0