Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır - FOTOLAR

İQTİSADİYYAT
16:34 / 10.02.2022
1330

Hacıqabulda innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şaraitində nümayiş etdirilib

Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "İnnovativ texnikalar Fermerin yanında" layihəsi çərçivəsində tarla müşavirəsi keçirilib. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, eləcə də taxıl, pambıq, tütün, çəltik və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edilib. Nazir müavini əlavə edib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Xüsusilə aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipləri barədə məlumatlı olması mühüm əhəmiyyət kəsb edir.

Müşavirədə çıxış edən Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində kompleks tədbirlərə toxunub. İcra başçısı əlavə edib ki, kənd təsərrüfatı sahəsində tətbiq edilən hər bir innovasiya insanların işlərini asanlaşdırmaqla kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir.

Tədbirdə qeyd olunub ki, ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi, innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Fermerlərimiz dövlət tərəfindən maliyyə dəstəyi alır, o cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər. Məhz bu səbəbdən fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır. Tədbir iştirakçılarının diqqətinə çatdırlıb ki, fermerlərimizin bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından geniş istifadə etməsi Azərbaycanda aqrar sahənin inkişafına öz töfhəsini vermiş olacaq.

Tarla müşavirəsində ölkəmizdə fəaliyyət göstərən 12 təchizatçı şirkət tərəfindən 50-dən çox müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib. Müşavirənin keçirilməsində məqsəd respublikaya idxal edilən innovativ texnikalar barədə fermerlərin məlumatlandırılması, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, təchizatçı şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasıdır. Bu formatda müşavirələrin respublikanın digər rayonlarında da təşkil edilməsi nəzərdə tutulur.

0