Bakıda məktəbli qızı küçədə vurub qaçan kimdir? – VİDEO

ÖLKƏ
23:28 / 10.02.2022
1034

Bakıda, “İnşaatçılar” metrostansiyasının çıxışında 2005-ci il təvəllüdlü məktəbli qıza naməlum şəxs tərəfindən hücum olunub.

“Qafqazinfo”ya müraciət edən qızın atası Musa Quliyev hadisənin qəsdən törədildiyini iddia edib.

O, 5 gün keçməsinə baxmayaraq hələ də hadisəni törədən şəxsin tapılmadığını deyir: “Məncə, bu hadisə təsadüfi deyil. Çünki son vaxtlar bir neçə dəfə maşınıma naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Yəqin ki, yenə eyni adamlardır. İndi də ailəmə keçiblər. Hadisənin videogörüntülərini polisə təqdim etmişəm. Hadisə zamanı qızım burun və ağız nahiyəsindən xəsarət alıb, qanayıb. Ekspertizadan rəy də almışam. Məsələ ilə bağlı “102”yə məlumat verdim. Məni 29-cu polis şöbəsinə dəvət etdilər, izahatım alındı. 5 gündür şəxsin tapılması ilə bağlı tədbir görülmür”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirilib ki, hadisə ilə bağlı vətəndaşın şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsində araşdırma aparılır:

“Uşağın atası bölməyə dəvət edilib. Hadisənin videogörüntüləri əldə edilib. Görüntülərdə azyaşlının küçədə hərəkət edən zaman naməlum şəxsin əli ilə ona zərbə vurduğu görünür. Həmin şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun şəxsiyyətinin müəyyən olunması və saxlanılması ilə bağlı müvafiq əməliyyat tapşırığı verilib”.

0