Moldova Azərbaycan qazını almaqda maraqlıdır

İQTİSADİYYAT
06:41 / 12.02.2022
1088

Moldova Azərbaycan qazını almaqda maraqlıdır.

Trend xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində moldovalı ekspert Andrey Damaşkan Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popeskunun bu həftə Bakıda enerji məsələləri üzrə apardığı danışıqları şərh edərkən deyib.

Onun sözlərinə görə, Moldova Azərbaycandan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Gürcüstandan Türkiyəyə ötürülən qazdan ala bilər.

"Texniki cəhətdən bu kəmərdən qazı Bolqarıstan və Rumıniyadan keçən Trans-Balkan kəməri ilə respublikamızın sərhəddinə çəkmək mümkündür. Lakin buradakı nəqliyyat məsələsi olduqca əhəmiyyətlidir, həcm baxımından tadarükün qiyməti bu boru kəmərlərinin müxtəlif hissələrinə nəzarət edən bir neçə operatorla razılaşdırılmalıdır. Hazırda dünyada tələbat çox yüksək olan qazın sərfəli qiymətlə alışı ilə bağlı razılaşmaq çətin olacaq", - deyə, ekspert bildirib.

Eyni zamanda, Damaşkan Kişinyovun bu danışıqları apararkən qazın "svop" mübadiləsinə ümid etdiyini də istisna etməyib.

"Tutaq ki, Avropada hər-hansı bir tərəfdən Azərbaycan qazı alınır. Müəyyən şərtlər daxilində siz daşımalara qənaət edərək, mövcud həcmləri sərfəli şəkildə dəyişdirə bilərsiniz", - ekspert vurğulayıb.

Xatırladaq ki, Moldova Energetika Nazirliyi Azərbaycanla qaz təchizatı sahəsində əməkdaşlıq etməyi planlaşdırdığını bildirib.

0