Bakıda 2 polis əməkdaşı bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır.
XXX
Səbail rayonunda iki polis əməkdaşı bıçaqlanıb. Hadisə Bayıl qəsəbəsi ərazisində Gülbala Əliyev küçəsində baş verib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, küçədə dava edən şəxsləri ayırmağa yaxınlaşan polis əməkdaşlarından biri ürəyindən, o birisi isə qarın boşluğundan bıçaqlanıb.
Polis əməkdaşları silahdan istifadə edərək onları bıçaqlayan şəxsə atəş açsa da, ayağından yaralanan şəxs hadisə yerindən qaça bilib. Hal-hazırda ərazidə həmin şəxsin axtarışı aparılır. Polis əməkdaşlarını bıçaqlayan şəxsin narkotik aludəçisi olduğu bildirilir.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.