Bu gün İrəvanda Ermənistan İstintaq Komitəsinin 44 günlük müharibənin nəticələrini araşdıran ilk iclası keçirilib.
"Unikal" xəbər verir ki, “Mənim namusum var” fraksiyasının deputatı Tiqran Abramyan müxalifətin komissiyanın işində iştirak etməyəcəyini açıqlayıb.
Onun sözlərinə görə, hazırkı hakimiyyət faktiki olaraq ikinci Qarabağ müharibəsinin nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü etiraf edib.
“Və bu şəraitdə indiki hökumət nümayəndələrinin rəhbərlik etdiyi komissiyanın işinin həyata keçirilməsi obyektiv ola bilməz. 44 günlük müharibənin şəraitinin açıqlanması bizim prioritetlərimizdən biri olaraq qalır, lakin biz hesab edirik ki, işə yalnız hökumət istefa verəndə başlamaq lazımdır", - Abramyan izah edib.
Öz növbəsində “Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryan da komissiyanın işində iştirak etməyəcəklərini açıqlayıb. Həmin fraksiyadan olan digər deputat Qeqam Manukyan deyib ki, obyektiv araşdırma o zaman mümkündür ki, bu müharibəni alovlandırmaqda günahkar olan hakim siyasi qüvvəyə yox, müxalifətə həvalə olunub.
Bu sözlərdən sonra müxalifət ayağa qalxaraq müzakirənin aparıldığı otağı tərk edib.
Belə davranış komissiyanın “Mülki müqavilə” fraksiyasını təmsil edən üzvlərini qəzəbləndirib.