Bakıdan sülhməramlılara "çəkilin kənara" MESAJI - Ordumuz nəzarəti ələ alır

SİYASƏT
16:54 / 16.02.2022
3083

Ermənistanın baş naziri Nikol Paşinyanın istər son keçirdiyi müşavirələrdə, istərsə də parlamentdəki çıxışlarında Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq nəqliyyat kommunikasiya infrastrukturlarının qurulması, eləcə də delimitasiya və demarkasiya proseslərinin icrası üçün Ermənistan tərəfinin lazımı addımlar atmağa hazır olduğu ilə bağlı açıqlamalarıyla sərhəddə son baş verən təxribatlar tamamilə bir-birinə zidd davranışlardır.

Aydın məsələdir ki, müharibə zamanı olduğu kimi postkonflikt dövründə də lobbinin dəstəklədiyi Ermənistandakı revanşist qüvvələr, müxalif partiyalar, radikal qruplaşmalar ərazi iddialarından əl çəkməmək, Azərbaycana qarşı yeni təxribatlar üçün müxətlif manipulyativ addımlara şərait axtarışlarını bir an olsun belə dayandırmadılar. Lakin bu proseslərin Qarabağda sülhü, sabitliyi müəyyən müddətə təmin etmək üçün üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi Rusiya sülhməramlıların müvəqqəti nəzarət zonası hesab edilən ərazilərdə mütəmadi olaraq təkrarlanması kontingentin fəaliyyəti ilə bağlı bir çox narazılıqların meydana çıxmasına səbəb olmağa başladı.

Rəsmi Bakı sülhməramlıların fəaliyyətindəki bu axsaqlıqlarla bağlı vaxtaşırı müxtəlif səviyyələrdə müxtəlif kanallarla Moskvaya narazılığını dilə gətirsə də, hər ötən gün onların missiyalarını yerinə yetirmək əvəzinə qondarma rejim üzvlərinin əl-qolunun açılmasına şərait yaradan davranış sərgiləməsi halları durmadan artır. 

Baxmayaraq ki, 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" sözləri qeyd edilib, amma sülhməramlıların məhz atəşkəsin imzalandığı vaxtdan qısa zaman sonra Qarabağa gəlişi baş versə də, artıq həmin tarixdən 17 aya yaxın bir müddət keçməsinə baxmayaraq, bu zamana kimi Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri hələ də əl-qolunu sallaya-sallaya sülhməramlı kontingentin nəzarət zonasında çox sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər, yeni təxribatlar üçün hazırlıqlar görürlər. Göründüyü kimi Rusiya imzası olan sənədin əhəmiyyətini bu anlaşılmaz davranışı ilə elə özü pozmuş olur. 

Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonası olan Qarabağdakı ərazilərdə göstərdikləri fəaliyyət onların missiyasını, vəzifə və səlahiyyətlərini çox aşır. Şübhəsiz ki, bu da hər zaman olduğu kimi Rusiyanın hiyləgər diplomatiyasının tərkib hissəsidir. Geridə qalan bir ildən artıq bu müddət ərzində Xocalıda və Qarabağın digər dağlıq ərazilərində erməni separatçı rejim qalıqları, qanunsuz erməni silahlıları üçün yeni hərbi hissələrin tikilməsi, ora xeyli texnika və silah-sursat toplanılması bunun bariz nümunəsidir. Yeni postlar qurulur, səngərlər qazılır. Bununla bağlı artıq Azərbaycanın əlində yetəri qədər faktlar, peyk görüntüləri belə var. Əgər Rusiya həqiqətən də bölgədə, Cənubi Qafqazda sülhün, sabitliyin tərəfdarıdırsa, yeni müharibə, yeni münaqişə ocağı istəmirsə, o zaman niyə imza atdığı rəsmi sənədə qarşı çıxaraq Qarabağda erməni terrorçularının yenidən mövqelərini gücləndirib, revanş istəklərinin artması üçün şərait, imkan yaradırlar?

Görünən odur ki, Rusiya bununla ermənilərdə özünə inam, güvən yaradaraq daha çox erməniləri Qarabağa köçürmək istəyirlər ki, bununla da demoqrafik vəziyyəti dəyişməyi planlaşdırırlar. Rusiya beləcə, bölgədə vəziyyəti az da olsa gərgin saxlamaqla bunu lazım olan zaman əlində rıçaq kimi istifadə etməklə, separatçı qüvvələr və onların əlində toplanmış silah-sursatlardan öz maraqları üçün istifadə etmək niyyətindədir. Bu yolla da istədikləri zamanı bölgədə vəziyyəti gərginləşdirməyi, nəzarəti əllərində saxlamağı planlaşdırırlar ki, görünür, onlara da elə məhz bu lazımdır. 

Əgər həqiqətən üçtərəfli bəyanatlarda da göstərildiyi kimi, əgər kommunikasiya yolları açılmasında, Zəngəzurdan keçməklə Naxçıvana çəkilən nəqliyyat kommunikasiya xəttlərinin beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsində Rusiya da maraqlı idisə, qanunsuz erməni silahlılarının sülhməramlıların müvəqqəti səlahiyyət zonasından tərksilah ediləməsi məsələsi çoxdan öz həllini tapmalı idi. Lakin hələ də həmin istiqamətdə qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi deməyə əsas verir ki, Rusiya ikibaşlı oyun oynamaq variantına üstünlük verir. Əgər rəsmi Kreml istər 10 noyabr bəyanatında, istərsə də bundan sonra müxtəlif açıqlamalarda həmin ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu dilə gətirib, bəyan ediblərsə, o zaman Qarabağdakı Rusiya sülhməramlıları niyə həm separatçı rejim nümayəndələrinin, qanunsuz silahlı birləşmələrini yeni təxribatına zəmin hazırlayır, şərait yaradır, həm də mütəmadi olaraq yerləşdikləri ərazilərdə sürətli hərbi təlimlərlə diqqət çəkirlər? Əgər onların missiyası Qarabağda hər hansı bir təxribatın, terrorun qarşısını almaqdırsa, bəs niyə özləri terrorçuların sərbəst hərəkəti üçün əllərindən gələni edirlər?

Azərbaycan artıq Rusiya sülhməramlılarının təxribatlara qarşı ölçü götürmək əvəzinə biganəlik göstərməsi azmış kimi yeni silahlı insidentlərə, revanşizmə şərait yaratmaq cəhdlərindən təngə gəlib.

Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilərək hərbçilərimizin ermənilərin bu planlarını puç etməsi deyilənlərin əyani sübutudur.

Kontingent müvəqqəti yerləşdiyi ərazilərə artıq Azərbaycan hərbçilərinin birbaşa özlərinin müdaxilə etməsi və bu revanş hazırlığına qarşı tədbir görmələri deməyə əsas verir ki, daha Azərbaycan qanunsuz erməni silahlılarının ərazidən çıxarılması, təxribatlarının qarşısının alınması kimi tapşırıqları məhz özləri icra etməyə başladılar. Bununla rəsmi Bakı Moskvaya sülhməramlıların fəaliyyətindən qane olmadıqlarını və lazımı tədbirləri artıq özünün görəcəyi mesajını vermiş oldu.

Məhz son 1 ilə nəzər salsaq, İkinci Qarabağ müharibəsindən sonra belə bir müdaxilə ilk dəfədir ki, tərəfimizdən edilir. Bunu nəzərə alsaq artıq Azərbaycan tərəfinin sülhməramlıların müvəqqəti nəzarət zonası olan ərazilərimizdə erməni silahlılarının özbaşına fəaliyyətlərinə, sərbəst hərəkətlərinə qarşı artıq özünün fəaliyyətə keçdiyini də demək olar.

Qeyd edildiyi kimi, bu vaxta kimi ermənilər kontingentin gözü qarşısında səngər də qazırdılar, post da qururdular. Biz bunun qarışısının alınması məsələsinə görə hər dəfə sülhməramlılardan bir gözlənti içində idik, bununla bağlı müxtəlif formalarda xəbərdarlıqlar, müraciətlər edilirdi. Amma rəsmi Bakı gördü ki, nə faydası. Heç bir müdaxilə edilmədiyindən ermənilər yenidən özlərini bu torpaqların ağası kimi aparmaqdan ziyadə, həm də yenidən ərazi iddialarına düşürlər, revanş almaq hissi qarşı tərəfdə durmadan artır. Belə bir vəziyyətdə təbii ki, Bakının müdaxiləsi qaçılmaz idi, gözləniləndir. Artıq Azərbaycan dövləti yaxşı anlayır ki, bu məsələdə sülhməramlılara arxayın olsa, bu xəmir çox su aparacaq. Ona görə də görünür Azərbaycan artıq vəziyyəti ələ almaq məqsədilə bütün məsuliyyəti öz üzərinə götürməyin zamanının yetişdiyini düşünür.

0