Xalq artistləri Əlibaba Məmmədovdan danışdılar: "O, imkan vermirdi ki..."

MƏDƏNİYYƏT
15:04 / 26.02.2022
2058
"Əlibaba Məmmədov Azərbaycan muğam sənətinin sütunu idi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Səkinə İsmayılova Xalq artisti, mərhum xanəndə Əlibaba Məmmədovla bağlı xatirələrini bölüşərkən deyib. Xanəndə deyir ki, Əlibaba Məmmədov klassik muğam musiqisinin ənənələrini qoruyan bir ustad olub:
 
 
"Əlibaba Məmmədovun ölümü Azərbaycan muğam sənəti üçün böyük itkidir. Mənə çox ağırdr. Zəmanənin böyük xanəndəsi, ustadı idi. Muğam sənətinin inkişafında onun misilsiz xidmətləri var.  93 yaşında olan sənətkar günü bu gün də muğamların üstündə, keşiyində dayanmışdı. Əlibaba müəllim klassik muğam ifaçılığının ənənəsini qoruyanlardan biri idi. O, imkan vermirdi ki, muğama xələl gəlsin. Yüzlərlə musiqilər yazıb, Azərbaycan musiqisinə xəzinə qoyub gedib. Onların hər biri gələcək nəsil üçün cəvahiratdır. Onun ölümü ilə barışa bilmirəm".
 
Xalq artisti Təyyar Bayramov hesab edir ki, nə qədər Azərbaycan musiqisi yaşayacaq, Əlibaba Məmmədov da xatırlanacaq:
 
 
"Əlibaba Məmmədov Azərbaycan muğam sənətinin böyük sənətkarlarından, muğam sənətinin sütunu idi. Allah ona rəhmət eləsin. Onun yüzlərlə ifaları, bəstələdiyi mahnılar, təsnifləri var. Bunlarsız Azərbaycan musiqisini təsəvvür etmək olmur. Əlibaba Məmmədov milli musiqiyə çox töhfələr verib. Nə qədər ki, Azərbaycan xalqı və muğam sənəti var, Əlibaba Məmmədov sənəti də yaşayacaq.  Elə bir gün yoxdur ki, onun mahnısını ifa etməyək və onun adını çəkməyək. Allah ona rəhmət eləsin".
 
Xalq artisti Mələkxanım Əyyubova Əlibaba Məmmədovun Azərbaycan muğam sənətində böyük bir tələbə ordusu yetişdirdiyini vurğulayıb: 
 
 
"Onun sənəti ilə bağlı günlərlə danışmaq olar. Əlibaba Məmmədov usdad sənətkar, bəstəkar, yaradıcı insan idi. Adam bilmir ki, onun haqqında hansı janrdan danışsın, o, bir dərya idi. Allah ona uzun bir ömür verdi, yaratdı, mahnılar yazdı, təsniflər oxudu. Belə bir insanın ölümü ilə barışmaq olmur. Onun cismi gedib, ruhu həmişə Azərbaycan xalqının qəlbində olacaq. Əlibaba müəllim Azərbaycan musiqisinə böyük bir xəzinə qoyub gedib. Həm ifaları, həm bəstələri, həm də tələbələri ilə. Muğam sənətində böyük tələbə ordusu yetişdirib. Amma yenə də onun ölümü ilə barışa bilmirəm. Əlibaba müəllim məni çox istəyib, diqqəti üstümdə olub. Sənətə gəldiyim gündəm mənə xeyir-dua verib. Onda paxıllıq deyilən bir şey yox idi, sənət qısqanclığı nədir, bilməzdi. Hər bir kəsin əlindən tutub, sənətdə ürəli getmək üçün ümidlər verirdi. Allah ona rəhmət eləsin".
 
Qeyd edək ki, fevralın 25-də Xalq artisti, xanəndə Əlibaba Məmmədov dünyasını dəyişib.
 
 
0