44 günlük Vətən müharibəsinin müqəddəs qəhrəmanlarına həsr etdiyi üç cilddən ibarət “Vətən müharibəsi şəhidləri” memorial kitabının I cildi işıq üzü görüb.
HİT.az xəbər verir ki, TEAS Press Nəşriyyat evinin çapa hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqda ensiklopediya da adlandırmaq olar.
Kitaba Vətən müharibəsində (27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin davam etdiyi 2021-ci il dekabrın 31-dək olan müddətdə şəhadətə ucalmış qəhrəmanlarımız barədə məlumatlar daxil edilib.
Nəşriyyatdan bildirilib ki, kitabı çapa hazırlayarkən müxtəlif mənbələrdəki (internet və çap mediasındakı, bəzən hətta ayrı-ayrı kitablardakı) məlumatlarda rast gəlinən qeyri-dəqiqlik hallarının, həmin məlumatların bir-biri ilə uyğun gəlməməsinin, şəhidlər haqda səthi hazırlanmış yazıların və bioqrafik məlumatların gələcək tədqiqatçılar və digər müəlliflər üçün çətinlik yaradacaq bir məqam olduğu nəzərə alınıb. Ona görə də bu məsələyə ilk dəfə fərqli yanaşılıb – hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda əlaqə saxlanılaraq bütün faktlar və bioqrafik məlumatlar həmin ailələrin bilavasitə özləri ilə dəqiqləşdirilib.
Bu kitabda soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə başlayan 957 Zəfər savaşı qəhrəmanı haqda məlumatlar yer alır. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub. “Təltifləri” bölməsində hər bir şəhidə verilmiş orden və medalların siyahısı istisnasız olaraq yalnız Prezidentin müvafiq sərəncamlarına istinadən bir-bir dəqiqləşdirilib.
“Hazırda kitabın ikinci və üçüncü cildləri çapa hazırlanır, onlar da tezliklə işıq üzü görəcək. Bu kitabın ərsəyə gəlməsində göstərdiyi informasiya dəstəyinə görə “YAŞAT” Fonduna, ayrı-ayrı rayonların icra hakimiyyətlərinin müvafiq strukturlarına və fəal vətəndaşlarımıza xüsusi minnətdarlığımızı bildiririk. TEAS Press Nəşriyyat evinin müqəddəs şəhidlərimizin ruhu qarşısında az da olsa, öz mənəvi borcunu vermək məqsədilə çapa hazırladığı bu kitab hər şəhid ailəsinə bir nüsxə olmaqla “YAŞAT” Fondu vasitəsilə onlara hədiyyə ediləcək, yerdə qalan nüsxələrin satışından əldə edilən gəlir isə “YAŞAT” Fonduna ianə olunacaq”, – deyə nəşriyyatdan bildirilib.
Müqəddəs şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq! Onların ruhunu sonsuz ehtiramla anır, hər birinə Uca Tanrıdan rəhmət diləyirik!