“Heykəlin içində insan olmaq asan deyil” - “Tarqovı”da gəzən canlı heykəl (FOTOLAR)

ÖLKƏ
15:51 / 10.03.2022
928

Tez-tez paytaxtın Nizami küçəsində insanları canlı heykəl kimi təəccübləndirən, mimikaları və ani jestləri ilə ətrafdakılara təbəssüm və təəccüb bəxş edən Pərviz Fəxrəddin suallarımızı cavablandırıb. Qısa zamanda canlı heykəl kimi sevilən aktyor, əminik ki, səmimi cavabları ilə həm də sadə insan kimi seviləcək. 

- Bir neçə müddətdir ki, insanlar arasında "heykəl adam" kimi səs-küyə səbəb olmusunuz. İnsanlardan gözlədiyiniz reaksiyanı ala bildiniz?  Yəni, sizcə, bizim cəmiyyət "səyyar tamaşa"ya hazırdırmı?

- Tamaşaçıların hərəsi bir ailədən, bir mədəniyyətdən gəldikləri kimi reaksiyalar da müxtəlif olur. Bəzən iki-üç dəqiqə bir nöqtəyə dikilib qalıram qarşımdan keçənlər məni həqiqi heykəl sanırlar. Bəziləri - “həqiqidir yəqin təzə qoyublar bu heykəli” , “robotdur içində adam var”.  Saçımın uzun olduğunu görəndə “oğlandır ya qızdır?” kimi fikirlər səsləndirirlər. Ümumi götürsək, insanlara xoş təsir bağışlayır. Hətta bir uşağın valideyni mənə mesaj yazmışdı ki, oğlum sizi çox sevib, hər gün bağçadan çıxanda sizi görmək üçün yolumuzu Nizami küçəsindən salırıq. Bir çoxumuzun xarici ölkələrdə görməyə alışdığımız canlı heykəlləri bizim ölkəmizdə insanlara göstərmək çox yaxşı hissdir. Səyyar tamaşaya insanları hazırlamaq yox, insanlar üçün səyyar tamaşa hazırlamağı daha düzgün hesab edirəm. Ölkəmizdə meydan teatr festivalları keçirilsə, buna insanlar da alışar və daha çox marağa səbəb olar.

Təhsilinizdən danışaq bir az. Bu peşə üçün hansı ixtisasa yiyələnmək vacibdir? 

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsini bitirmişəm. Fikrət Məlikovun tələbəsiyəm. Küçə sənəti teatrın qollarından biridir. Antik dövrə nəzər salsaq görərik ki, teatr tamaşaları meydanlarda keçirilib. Bu peşə üçün xüsusi təhsil bölməsi yoxdur. Canlı heykəl olmaq üçün professional teatrın tələb etdiyi kimi aktyor öz bədən dilini,  pozisiyalarını və bədəninin sıfır nöqtələrini dəqiq bilməlidir. Öz bədənini tanımaq aktyora istər səhnədə, istər küçə sənəti nümayiş etdirəndə, istərsə də kamera önündə çox yardımçı olur. 

Danışmadan ünsiyyət qurmaq asan deyil. Ünsiyyət qurmadan sevgi qazanmaq isə lap çətin. Buna necə nail ola bilmisiniz? 

- “Çemodanlı adam” ya da “heykəl adam” ın fikrincə (həqiqi özümüzü) etdiyimiz sənətə qatanda istər susaraq, istərsə də danışaraq sevgi qazanmaq və ünsiyyət qurmaq olar.

İnsan olmaq çətindir, yoxsa heykəl?

- Heykəlin içində insan olmaq asan deyil. Əsas odur ki, insan öz içində heykələ çevrilməsin.

Peşənizdən bezdiyiniz anlar olub?

- Xeyr! Çünki sevərək məşğul olduğum peşədir. 

İş saatınızı hava şəraitinə görə təyin edirsiniz, yəqin ki...

- Bəli.

Ətrafdakı insanların peşə həvəsinizə mənfi təsir etdiyi anlar olub?

- Hər işdə olduğu kimi, bizim peşəmizdə də bu qaçılmazdır. 

Həyatda hansı hadisələrə heykəl kimi davranmağı məsləhət bilmisiniz? (Hansı situasiyalarda səssiz və hərəkətsiz - heykəl kimi qalmağı üstün tutursunuz?)

- Məsləhət vermək fikrimcə qarşındakı insanı öz yolundan döndərmək kimidir. Tarkovski kimi desək, “ən təhlükəli məqam müvəqqəti axmaqlıqdır”. Həmçinin, Vsevolod Meyerholdun dediyi kimi, “sənin fikrinlə razı deyiləm ancaq, sənin fikrinin müəyyən yerə çatması üçün əlimdən gələni edərəm”. Çox danışmağı sevmirəm. Susmaq mənim üçün həmişə daha effektivdir. Susaraq daha çox öz suallarımıza cavab verə bilirik.

Bu peşə ilə maddi ehtiyacları tam olaraq ödəmək mümkündür? 

- Nə qədər klassik cavab olsa da, demək istəyirəm ki, bu peşədən maddi tərəfi yaxşılaşdırmaq üçün yox, sənət nümayiş etdirmək üçün istifadə edirəm. Və bir məqamı da qeyd edim ki, sırf pul qazanmaq üçün bir iş etmirəm. Bir iş edirəm və o pul qazandırırsa, artıq buna bir şey deyə bilmərəm.

Tanıdığınız və ya sevdiyiniz şəxs qarşınızda dayanıb və siz heykəl kimi davranmalısınız. Özünüzü hansı mimika və jestlə tanıda bilərsiz?

- Arifə bir işarə bəsdir! (təbəssümlə)

Pərviz Fəxrəddin- bu imzanın yaddaşlara hansı təyini sözlərlə həkk olunmasını istərdiniz?

- Sən də çarxın bir dişi olma

//demokrat.az

1