Ukraynalı jurnalist Kiyevdən danışır: "Putin hesab edirdi ki..."

DÜNYA
16:15 / 12.03.2022
2221
Rusiyanın Ukraynaya təcavüzü davam edir. Proseslər göstərir ki, Kreml irəli sürdüyü şərtlər yerinə yetirilməyənə qədər müharibəni davam etdirməkdə israrlıdır. Şərtlər isə Ukrayna üçün kifayət qədər ağırdır: ölkənin NATO-ya üzvlükdən imtina etməsi, rus dilinə ikinci dövlət dili statusu verilməsi, Krımın Rusiyanın ərazisi kimi tanınması, nəhayət denasifikasiya və demilitarizasiya prosesinin həyata keçirilməsi. 
 
Kiyev bu şərtlərdən yalnız NATO-dan imtina məsələsinə baxa biləcəyini açıqlayıb. Digər şərtləri qəbuledilməz hesab edən Prezident Volodimir Zelenski administrasiyasının davranışları müqavimətin davam edəcəyi barədə qənaəti möhkəmləndirir. Bəs Ukrayna xalqının Rusiya kimi hərbi cəhətdən güclü, beynəlxalq qanunları saya salmayan, doğum evlərini belə bombardman etməkdən çəkinməyən bir monstra qarşı sona qədər müqavimət aparmaq əzmi varmı?
 
 
Ukraynalı jurnalist Yarina Lazko hesab edir ki, xalqın müqavimət əzmi, işğalçıya qarşı döyüşmək ruhu kifayət qədər yüksəkdir. Ukraynalı həmkarımız Qaynarinfo-ya müsahibəsində bildirib ki, müharibənin Ukraynanın qələbəsi ilə başa çatacağına inanır.
 
Yarina Lezko Ukrayna parlamentinin rəsmi orqanı olan "Ukraynanın səsi” qəzetinin əməkdaşıdır. Qəzetin redaksiyası Kiyevdə yerləşir. Yarina özü də Kiyev doğumludur və hazırda orada yaşayır. Doğma şəhəri bombardman olunsa da, Yarina Kiyevi tərk etməyə tələsmir. Jurnalist deyir ki, paytaxtın müdafiəsi kifayət qədər güclü təşkil olunub. O, bu işdə keçmiş prezident Pyotr Poroşenkonun və Kiyevin meri Vitali Kliçkonun xüsusi rolunun olduğunu deyir. 
 
"Poroşenko prezidentliyi dövründə şəxsi vəsaiti hesabına Kiyevin hava hücumundan müdafiəsi üçün mühüm işlər görüb. Kiyevin meri Vitali Kliçko - yəqin, siz bizim Kliçkonu tanıyırsınız, o həm də peşəkar boks üzrə dünya çempionudur - rus işğalçılarının qarşısını almaq üçün şəhərdə blok-postlar quraşdırılması barədə göstəriş verib. Bundan başqa, həm Poroşenko, həm də Kliçko silahlanaraq Kiyevin müdafiəsində şəxsən iştirak edirlər. Ona görə də kiyevlilərin əhəmiyyətli hissəsi doğma şəhərlərini tərk etmək istəmir. Əksinə, insanlar Kiyevi qorumaq üçün könüllü şəkildə ərazi müdafiə batalyonlarına yazılır”, deyə Yarina bildirib.
 
 
Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Qərbin layihəsi hesab edilən Ukrayna Prezidenti Volodomir Zelenskinin Rusiya ilə rəqabətdə olan beynəlxalq güclərin təhriki ilə ölkəsini müharibəyə sürüklədiyi iddia edilir. 
 
Yarina Lazko isə bu cür düşünmür. Onun sözlərinə görə, əslində Zelenski prezident seçiləndə Rusiyaya münasibətdə heç də radikal mövqedə olmayıb: 
 
"Gəlin açıq danışaq, Ukrayna xalqı Zelenskidən o qədər də razı deyildi. Baxmayaraq ki, o, seçkidə 73 faiz səslə qalib gəlmişdi. Bu səslər əslində Zelenskiyə deyil, Poroşenkonun əleyhinə verilmiş səslər idi. Çünki xalq Poroşenkonun bir il ərzində Ukraynanı çiçəkləndirəcəyini düşünürdü. İnsanlar hesab edirdi ki, qısa müddət ərzində iqtisadiyyat güclənəcək, insanların sosial rifahı yaxşılaşaq. Amma onlar nəzərə almırdı ki, Poroşenko Yanukoviçdən sonrakı Ukraynanın prezidenti seçilmişdi. O Yanukoviç ki, Putinin satellitesi idi, Kremlin çaldığı ilə oynayırdı. Onun dövründə Ukrayna ordusu demək olar ki, məhv edildi, iqtisadiyyat çökdü, ölkəmiz Rusiyanın yanında yer aldı, bununla da beynəlxalq aləmdən də təcrid olunmuş vəziyyətə gəldi. 
 
 
Poroşenko prezidenti seçiləndə ilk olaraq ordu quruculuğuna başladı. Çünki Putinin Ukraynaya hücumunun qaçılmaz olduğunu bilirdi. Pararlel olaraq iqtisadi islahatlar apardı, əlaqələrini işə salaraq beynəlxalq rəyi Ukraynanın xeyrinə dəyişə bildi. Xalq bütün bunların qısa müddətdə başa gəlməsini istəyirdi. Ona görə də hakimiyyətin başında yeni sima görmək üçün Zelenskiyə səs verdilər”.
 
Ukraynalı həmkarımızın fikrincə, Zelenskinin prezident seçilməsi Putini də qorxutmamışdı: 
 
"Təsadüfi deyil ki, Putin Poroşenkodan başqa istənilən şəxsin Ukrayna prezidenti seçilməsini məqbul hesab edirdi. O, düşünüdü ki, Zelenski zəif liderdir və qısa zamanda onu Kremlin "sözəbaxan oğlan”ına çevirə bilər. Zelenski də hakimiyyətinin ilk illərində xalqın etimadını doğrultmadı. Onun beynəlxalq səfərləri, xüsusilə "Normandiya formatı"nda keçirilən görüşlər, daxili siyasəti göstərirdi ki, o siyasi cəhətdən yetkin şəxs deyil. Onun "Ştanmayer formulu”nu imzalaması Ukrayna xalqını ayağa qaldırdı. Bundan sonra Zelenski başa düşdü ki, nə istəsə edə bilməz. O, xalqın iradəsini nəzərə almalıdır. Yoxsa xalq onu da Yanukoviç kimi hökumət binasından küçəyə atar. Yanukoviç yenə qaça bildi. Zelenski isə heç qaçmağa da fürsət tapa bilməyəcəkdi”. 
 
 
Göründüyü kimi, jurnalistin sözlərindən aydın olur ki, Zelenski heç də iddia edildiyi kimi Qərbin təhriki ilə Rusiyaya meydan oxumayıb. O sadəcə Ukrayna xalqının iradəsi ilə hesablaşaraq Kremlə dirəniş göstərib və bununla da müharibə qaçılmaz olub.
 
Ukraynalı həmkarımız deyir ki, Putin Ukraynaya hücum edəndə mühüm bir amili nəzərə almayıb: 
 
"Ukraynada güclü vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyəti hakimiyyətin addımlarını diqqətlə izləyir. Əgər ölkənin, xalqın maraqlarına zidd hər hansı addım atılırsa, o zaman vətəndaş cəmiyyəti ayağa qalxır. Putin bunu hesablamamışdı. O hesab edirdi ki, Ukrayna xalqının işğala qarşı çıxacağını düşünmürdü. Xalq isə təcavüzün ilk günündən ayağa qalxdı və bü gün də müqavimət göstərir. Hesab edirəm ki, müqavimət Ukrayna qələbə çalanadək davam edəcək. Bizdə ərazi müdafiə batalyonları var. Yüz minlərlə insan həmin batalyonlara yazılıb. Artıq yer yoxdur. Amma işğalçılarla vuruşmaq üçün bu batalyonlara yazılmaq istəyən insanların ard-arası kəsilmir. Ona görə də mən inanıram ki, biz qalib gələcəyik”.
 
 
Yarinanın fikrincə, Rusiyanın güclü orduya malik olması barədə mif artıq dağılıb: 
 
"Onlar böyük itkilər verir. Kütləvi şəkildə təslim olurlar. Digər tərəfdən onların motivasiyası yoxdur. Biz vətənimizi qoruyuruq və bu bizi ruhlandırır. Onlarda isə belə bir ruh yoxdur, çünki onlar işğalçıdır. 
 
Rusiyanın "qalibiyyət”, "güclü ordu” barədə yalanlarına inanmayın. Onlar hətta Ukraynaya hücum etmədikləri barədə yalan danışırlar. Yəqin ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun "Biz heç bir ölkəyə hücum etməyəcəyik, Ukraynaya da hücum etməmişik” fikri ilə tanışsınız. Görürsünüz necə yalan danışırlar? Doğum evini bombalayıblar. Bütün dünya bu hadisədən xəbərdardır. Foto-video faktlar var. Amma ruslar bu barədə də müxtəlif yalanlar uydururlar. Bu cür uydurmalarla Putin çox da uzağa gedə bilməyəcək. Artıq Rusiyada da başa düşürlər ki, Ukraynada nə baş verir. Digər tərəfdən, sanksiyalar Rusiyanı çökdürməkdədir. Ona görə də Ukraynanın qələbəsi labüddür. Mən Çeçenistanın məhrum lideri Cövhər Dudayevin fikirlərini xatırlatmaq istəyirəm: "Ukrayna günəşi doğanda Rusiya çökəcək”. Biz buna inanırıq!”
 
Seyid
 

0