“Bu layihə gücümüzə güc qatdı” – Şəhid xanımları üçün psixoloji təlimlər başa çatdı (FOTO/VİDEO)

ÖLKƏ
16:13 / 17.03.2022
1380

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi davam edir.
 
Birliyin sədri və layihənin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, layihənin birinci mərhələsi olan "Yol varsa, ümid də var” adlı psixoloji təlim proqramına artıq yekun vurulub: "Psixoloji travma yaradan hadisələrdən birincisi müharibədir. Şəhid xanımı olmaq nə qədər uca bir məqam olsa da, həyatın bu ağır və çətin sınağı qarşısında mətanətli dayanmaq onlar üçün bir o qədər də asan olmur. Qürur fonunda şəhid xanımlarının həyatına və qəlbinə çökən bədbinlik onların övladlarının da düşüncələrinə, fiziki və psixoloji sağlamlılığına təsirsiz ötüşmür.

Reklamın bağlanmasına -6 saniyə qalıb
Çox böyük həssaslıq və məsuliyyətlə yanaşdığımız bu layihənin əsas məqsədi şəhid xanımlarının həyata baxışını müsbətə yönəltmək, psixoloji dözüm səviyyəsini yüksəltmək, bu həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etmək və onlara təhsil imkanları yaratmaqdır. Bu istiqamətdə ilk olaraq, şəhid xanımları üçün psixoloji təlim, konsultasiya və terapiyalar təşkil etdik. 

5 həftə davam edən təlim proqramına 15-ə yaxın şəhid xanımı qoşuldu. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Rəşad Abdullayevin, Xüsusi Təyinatlı Qüvvələrin Zabiti, şəhid kapitan Elçin İsmayılovun, şəhid mayor Emin Süleymanovun, şəhid polkovnik-leytenant Mehman Şirvanovun, şəhid leytenant Ayaz İmanzadə, şəhid, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun, şəhid Xəqani Əskərovun, xüsusi təyinatlı şəhid Tural Qurbanovun və digər Vətən Müharibəsi şəhidlərinin xanımları var. Bu və digər xanımlar üçün növbəti hədəf kompüter kurslarını uğurla başa vurub, iş imkanları qazanmaqdır. 

Bərabər keçdiyimiz 5 həftə ərzində təlimlərdə iştirak edən şəhid xanımlarının düşüncə və davranışında, həyat tərzində baş verən müsbət dəyişikliyi görmək çox sevindiricidir. İlkin hədəf də bu idi – onların psixoloji durumunun yaxşılaşdırılması, sosiallaşması. Bununla yanaşı, onların, analıq məsuliyyətinin öhdəsindən gəlməsi, dövlətin ictimai həyatında rolununun yüksəldilməsi, sosial-iqtisadi hüquqlarının təmin edilməsi  vətəndaş cəmiyyəti institutlarının həyata keçirdiyi müxtəlif layihə və tədbirlər çərçivəsində mümkündür.

Şəhid ailələrinə göstərilən qayğı və sosial dəstək –  maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə verilən müavinətlərlə yanaşı, psixoloji dəstək və uyğun təhsil imkanları yaratmaq olduqca vacibdir. Hesab edirik ki. müharibənin təsirləri nəticəsində psixoloji sarsıntı keçirən, eləcə də təhsil hüququndan bəhrələnməyən şəhid xanımlarına bu imkanları yaratmaq onların sosial sahələrdə iştiraklarını asanlaşdıracaq”.

Layihədə iştirak edən psixoloq, təlimçi, NLP master Rübabə Mərdanova isə bildirib ki, bu layihə indiyə qədər təlimçi olduğu  digər bütün layihələrdən fərqlənirdi: "Psixoloq olaraq həmişə insanların ağrılı tərəflərini dinləməli olmuşam. Bu dəfə isə bu ağrıyla yanaşı bir məğrurluq, bir qəhrəmanlıq hekayəsi də vardı. Şəhidlərimizin şücaətini, onların necə bir həyat yaşadıqlarını onlara ən yaxın olan insanlardan, həyat yoldaşlarından eşitmək hər birimizə fərqli hisslər yaşatdı. 

Layihə müddətində keçirilən hər bir qrup terapiyası sistemli şəkildə qurulmuşdu. Məqsədimiz iştirakçıların travmalarına ehtiyatla toxunmaq, onları yaralamadan addım-addım yeni həyata, gələcəyə bağlamaq idi. Hər görüşümüzdə onlara heç bir tövsiyə, məsləhət vermədən hadisələrə münasibətlərini öyrənib, lazım olan suallarla fərqindəliyi artıraraq, şüuru genişləndirməyə çalışdım. Düşüncələrini çeşidləməklə problem mərkəzli deyil, həll mərkəzli düşünmələrinə çalışdım və buna nail ola bildim. Hər dəfə fərdi söhbətlərlə yanaşı fərdi və qrup şəklində psixoterapevtik texnikalardan istifadə etdim”.

Psixoloji təlim proqramını keçən şəhid xanımları da layihənin müsbət təsiri barədə fikirlərini bölüşüblər. 

Məhsəti Süleymanova: "Təlimlər zamanı Rübabə xanımın bizə yanaşması əsl psixoloq yanaşması idi, bizi səbirlə dinləyirdi. Özümüz də hiss etmədən təlimlər düşdüyümüz durumdan çıxmağa bizə kömək etdi”. 

Gülşən İmanzadə: "Layihə həyatıma müsbət təsir etdi, xüsusilə də həyatımızı hekayəyə çevirməyimiz çox yaxşı idi. Mən bütün təlimlərdə iştrak etdim, hər birinin öz gözəlliyi vardı. Ancaq ən çox bəyəndiyim zaman xətti texnikasi oldu, anladıq ki, ķeçmişimizi unutmayaraq gələcəyimizi yaşamalıyıq. Həyat devam edir. Biri də "Mənim hekayəm” taktikası da göstərdi ki, həyatımın qəhrəmanı yalnız yoldaşım deyil, elə mən özüm də qəhrəman imişəm. Bu, mənim gücümə daha da güc qatdı”.

Sübnaz Axundova: "Təlimdə keçirdiyimiz 2 saat özümüzə ayırdığımız zaman idi və onda vaxtın keçməyini heç istəmirdik. Çox xoş idi. Təlimlərdən qazandığımız bilgilərin həyatımıza bir çox mənada köməyi olacaq”. 

Sevda İsmayılova: "Ümumilikdə 5 təlim olsa da, müsbət təsirini gördüm. Mütləq özümə zaman ayırıb, gəlməyə çalışırdım”. 


Arzu Şirvanova: "Terapiyaların mənə böyük faydası oldu. Dərdləşdik, heç kimlə bölüşə bilmədiyimiz məqamları psixoloqumuzla paylaşdıq. Hər dəfə bu. Bizə müsbət aura yaşatdı”. 

Afaq Qurbanova: "Təlimlərdə iştirak etmək, psixoloqumuzu dinləmək, hisslərimizi ifadə etmək çox gözəl idi. Müsbət təsirini gördükcə sevə-sevə gəlirdim”.

Sevda İsiyeva: "Layihədən yararlandığımı deyə bilərəm. Bu, bizim social həyata qarışmağımız üçün də bir vasitə oldu. Kompüter kurslarının da bizə faydalı olacağına inanıram”. 

Qeyd edək ki, layihə çərçivəsində psixoloji təlim proqramını başa vuran xanımlar üçün kompüter kursları təşkil ediləcək. 

Xatırladaq ki, icra müddəti 3 ay olan və Bakıda keçirilən layihənin məqsədi şəhid xanımlarının psixoloji durumunu yaxşılaşdırmaq və təhsil səviyyəsini yüksəltməklə sağlam və möhkəm duruşunu təmin, cəmiyyətə örnək və mübariz qəhrəman xanımları kimi təqdim etmək, onların həyatın ağır sınağı qarşısında yalnız olmadığını göstərməkdir. Layihədən gözlənilən nəticə isə şəhid xanımlarına həyata bağlılığın aşılanması və onların çətinliklərə qalib gələ bilməsi, təhsil imkanlarından faydalanaraq ölkənin sosial, ictimai, iqtisadi sahələrində yer almalarıdır. 

 

0